Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı

Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı

Tarix: 5 Dekabr 2020 11:20

Bakı. Samir əli - Trend:

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin - 451 nömrəli, 19 noyabr 2020-ci il tarixli qərarına əsasən elan edilmiş xüsusi karantin rejiminin Qazax, İsmayıllı və Tovuz rayonlarının ayrı-ayrı sakinləri tərəfindən pozulması halları müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qazax rayon sakini Axundov Sabir Cavad oğlu, İsmayıllı rayon sakini Ziliyev Vüqar Təşkilat oğlu və Tovuz rayon sakini Verdiyev Rufan İlham oğlu “Covid-19” virusu ilə bağlı test analizləri verməklə testlərin nəticələrinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduqları halda, 04.12.2020-ci il tarixdə yaşadıqları evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıblar.

Faktla bağlı müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis Şöbələrinə göndərilib.

Hazırda qeyd edilən işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Etiketlər:  Prokurorluq daha COVİD xəstəsinə cinayət işi başladı


RƏYLƏR