Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 13:36
Bakı. Trend:
Bizim əsasən xəstələrimiz ən çox travma alan əsgərlər idi. Ağız- üz- çənə, göz burun- boğaz və kəllə- beyn zədəsi almış xəstələrdən ibarət idi. Bu xəstələrin müalicəsi hərbi qospitalda başladı və tədris cərrahiyyə klinikasında isə davam etdirildi.
Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov deyib.
Həkimin sözlərinə görə, bu ümummilli işə şöbənin kollektivi ilə yanaşı, burun- boğaz, neyrocərrahiyyə və ağız-üz-çənə üzrə sahələrin də aparıcı mütəxəssisləri könüllü olaraq qoşulub:
"Bu müddət ərzində mən 117 ağır xəstə üzərində gərgin əməlliyyatlar apardım. Mən burada xüsusən haqqı olan bir neçə həkimlərimizin adlarını çəkmək istəyirəm. Onlardan Aytən Eyvazova, Aynur Verdiyeva, Gülnar Əliyeva və Fərhad Nurməmmədov gecə - gündüz əllərindən gələni əsirgəmədilər. Onlar ağır yaralılara ilkin tibbi yardım göstərməklə yanaşı əməlyyatlarda yaxından iştirak etdilər. Mənə elə gəlir ki, biz üzərimizə düşən məsuliyyəti dərk etdik və gərgin işin öhtəsindən lazımınca gələ bildik. Bu gün qürurla deyə bilərik ki, vətən müharibəsində biz həkimlər əsgərlərimizə yetərincə qayğılarımızı göstərə bildik.
Həmin zamanlar baş verən bir sıra maraqlı və yadda qalan faciəvi anlarla da qarşılaşdım. Heç vaxt yadımdan çıxmayan bu epizodları istəyirəm ki, sizinlə də bölüşüm: “İki gözünü itirmiş əsgərin yenidən cəbhəyə qayıtmaq istəməsi və daha birisinin isə iki gözünü itirdiyindən - həkim, görəsən balalarımın üzünü bir daha görə biləcəyəmmi deməsi - mənim həyatımda rast gəlmədiyim ən sarsıdıcı və acınacaqlı məqamlardan biri olduğunu hesab edirəm. Və yaxud başqa bir ağır yaralı əsgərin - canım-qanım torpağıma və Azərbaycanıma qurbandır - söyləməsi məni nə qədər qürürlandırdığını heç cür sözlə ifadə edə bilmirəm.
Eşq olsun belə vətən oğullarımıza. Belə igidləri olan ölkə heç zaman düşmən işğalında qala bilməz!"