Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağın musiqi xəzinəsi'' layihəsinin növbəti buraxılışı Yaqub Məmmədova həsr olunub

''Qarabağın musiqi xəzinəsi'' layihəsinin növbəti buraxılışı Yaqub Məmmədova həsr olunub

Tarix: 7 Dekabr 2020 18:24

Beynəlxalq Muğam Mərkəzinin "Qarabağın musiqi xəzinəsi" layihəsinin növbəti buraxılışı Xalq artisti, görkəmli xanəndə Yaqub Məmmədova həsr olunub.

Məmmədov Yaqub Məhəmməd oğlu 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi olmuşdur. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır.

Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənmiş, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanmışdır. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb etmişdir.

O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, konsertlərdə çıxış etmişdir. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılmışdır.

Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaratmışdır. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnmişlər.

5 iyun 2002-ci ildə dünyadan köçən sənətkar: "Qarabağ şikəstəsi"ni Cıdır düzündə oxuyacağam. Özü də elə oxuyacağam ki, Qarabağsız yaşadığımız illərdə çəkdiyimiz bütün ağrı-acılar yox olsun" - deyirdi.  Qarabağa doğru uzanan yolu səsi ilə tutub getsə də, özü gedə bilməyən Yaqub Məmmədov bu arzu ilə yaşayırdı. Yaşayırdı ki, Qarabağı görsün.

Heyif ki, əcəl sənətkarı aramızdan apardı. Bu xoşbəxt gündə, Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağımızın qayıtdığı gün  Yaqub Məmmədov aramızda olmasa da, ruhu şaddır . Həmişəyaşar, canlı səsi isə qəlblərdə yaşayır.

Qeyd edək ki, 16 iyun 2017-ci il tarixində BMM-də Yaqub Məmmədovun xatirə gecəsi keçirilib. Gecə "Mədəniyyət" kanalı vasitəsilə yayımlanıb.


Etiketlər:  Qarabağın musiqi xəzinəsi layihəsinin növbəti buraxılışı Yaqub Məmmədova həsr olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ