Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balaxanı: Keçmişlə müasirliyin göz oxşayan harmoniyası - VİDEO - FOTO

Balaxanı: Keçmişlə müasirliyin göz oxşayan harmoniyası - VİDEO - FOTO

Tarix: 8 Dekabr 2020 15:36

Bakının şimal-qərbində, Abşeron yarımadasının mərkəzi hissəsində yerləşən Balaxanı qəsəbəsi Azərbaycanın tarixi-mədəni abidələrlə zəngin qədim yaşayış məkanlarından biridir. Qəsəbə özünəməxsus memarlığı - zövqlü tikililəri, dar küçələri və ənənəvi həyətyani sahələri ilə seçilir. Balaxanıda Şirvanşahlar və Səfəvilər dövrünə aid bir çox maraqlı tarixi abidələr mövcuddur. Bu məkan haqqında söz düşərkən, ilk ağıla gələn neft olur. Balaxanı həm də əsrlərboyu Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qəsəbə məktəbinin tarix müəllimi Bəxtiyar İsrafilov deyir ki, Azərbaycanda Sovet hökuməti qurulunadək Balaxanı ən varlı kəndlərdən biri idi. Burada insanların maddi imkanları yaxşı olduğu üçün çox gözəl və dəbdəbəli evlər tikilmişdi. Bütün bunlar o dövrdə Balaxanıda neft sənayesinin yüksəlişi ilə bağlı idi.

"Sovet hökuməti qurulandan sonra varlı balaxanılıların bir çoxu repressiya olundu, əmlakları müsadirə edildi. Onların əlindən alınan evlər xəstəxanalara, məktəblərə, bağçalara çevrildi. Kənd tədricən tənəzzülə doğru getməyə başladı. 70 il sürən sovet dönəmində Balaxanı diqqətdən kənarda qaldı. Sevindirici haldır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər burada abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr yenilənir, yollara asfalt örtüyü çəkilir, evlərin fasadları, damları təzələnir, bir sözlə, kəndimizin siması dəyişir", - deyə Bəxtiyar müəllim söyləyir.

Simasını dəyişən Balaxanı

Bir vaxtlar neft gölməçələrinin və zibil poliqonunun yerləşdiyi Balaxanı hazırda simasını dəyişərək, daha çox turistik məkanı xatırladır. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülür. Bu, qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir.

Qəsəbədəki Mirzə Ələkbər Sabir adına park, Xacə Ruhulla imarəti, 1636-1636-cı illərə aid Şah Səfi karvansarayı, XIV əsrə aid Hacı Şəhla Məscidi və Şakir ağa türbəsi, Ovdan, "Qum hamamı" və digər tarixi abidlər bərpa olunub. Vaxtilə hər məhəllənin öz hamamı vardı və onlar adlarına memarlıq üslubuna görə bir-birindən fərqlənirdilər.

Balaxanının keçmişi ilə bu gününü müqayisə edən qəsəbə sakini 70 yaşlı Mərdail Qədimov deyir: "Neft buruqları, zibilxana əvvəllər kəndin havasını korlayırdı. İndi texnologiya yenilənib, zibilxana ləğv edilib və kənddə səliqə-sahman yaradılıb. Aparılan geniş abadlıq-quruculuq işləri nəticəsində demək olar ki, hər şey yoluna düşüb, insanlar üçün gözəl şərait yaradılıb. Kəndimizin yeni görkəmi, küçə və məhəllələrin səliqəli görünüşü xoş təəssürat yaradır. Buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çox-çox minnətdarıq, sağ olsunlar".

Qəsəbəni gəzərkən şahidi olduq ki, bir il əvvəl başlanan restavrasiya işlərinin artıq böyük hissəsi görülüb. Kanalizasiya xətləri dəyişdirilib, rabitə və işıq xətləri torpaq altına köçürülüb. Həmçinin küçələr abadlaşdırılıb, evlərin fasadları üzlənib, məhəllədaxili yollar əsaslı təmir edilib.

Qədimliklə müasirliyin qovuşduğu məkan

Hələlik üç tarixi küçədə aparılan bərpa işləri zamanı onların tarixi görkəminin qorunub saxlanmasına xüsusi diqqət yetirilib. Buradakı XIII-XIV əsrə aid "Qum hamamı"nın üstünü örtmüş torpaq qatı təmizlənib, abidənin bərpası üçün kompleks işlər görülüb. Hamamın bərpası ilə məşğul olan qəsəbə sakini Elman Nuriyev deyir ki, qumun təmizlənməsinə bir il vaxt sərf edilib. Onun sözlərinə görə, 30 metr uzunluğu olan hamama su saxsı borularla gəlirdi. "Biz onun istilik sistemini (ocaqxanasını) aşkar edəndə məlum oldu ki, hamam neft vasitəsilə qızdırılıb. "Qum hamamı"nda 2 əsas və 16 kiçik otaq olub. Hamamın bütün bərpa işləri yekunlaşmaq üzrədir", - deyə bərpaçı Elman Nuriyev söyləyir. 

Balaxanı qəsəbəsindəki qədim abidlərdən biri də Ovdandır. O, Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə tikilib. Pilləkənlərinin quruluşu Şirvanşahlar sarayında olduğu kimi, bir qədər hündürdür. Ovdanın 2 metrə yaxın hündürlüyü olan giriş tağı var. Ehtimal olunur ki, "Qum hamamı" ilk vaxtlar məhz bu Ovdanın suyu ilə işlədilib. Ovdandan su götürmək üçün lay daşlardan yonulmuş 40 pilləkən düşmək lazım gəlir. Onun çox az hissəsi yerin üstündə, qalanı torpağın altındadır. Burada da yenidənqurma və bərpa işləri aparılıb.

Balaxanının turizm imkanları genişlənir

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Balaxanıda yenidənqurma və abadlıq işləri ilə maraqlanıblar. Bütün işlərin böyük məhəbbətlə, zövqlə görüldüyünü vurğulayan dövlətimizin başçısı deyib: "Artıq həm Bakı, həm də digər şəhərlərin sakinləri buraya gəlirlər, istirahət edirlər, gəzirlər, şəkil çəkdirirlər. Mənə verilən məlumata görə, xarici mətbuatda Balaxanı ilə bağlı materiallar dərc edilir. Avropada, Rusiyada televiziya kanallarında, internet saytlarında buraya maraq böyükdür. Əlbəttə ki, turistlərin axını daha böyük olacaq. Bu da qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaqdır. Yaxşı olardı ki, qəsəbə sakinləri turizmlə bağlı məsələlərdə fəal olsunlar və bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini qonaqlara təqdim edə bilsinlər".

Balaxanının turistik məkana çevrilməsi üçün məqsədyönlü işlər görülür. Abadlıq işləri aparılan bütün küçələrdə turizm yönümlü sahibkarlığın inkişafı, xüsusilə xalçaçılıq, dulusçuluq, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, milli suvenirlər, geyimlər, keramik qablar, musiqi alətlərinin satışı və digər sahələri təşviq etmək üçün şərait yaradılıb.

Bizimlə təəssüratını bölüşən qəsəbə sakini Məhərrəm Səfəroğlu deyir: "Kəndimizin yeni görkəm alması bizi çox sevindirir, xoş ovqat yaradır. Bu gün yaradılan şəraitlə tanış olmaq üçün Balaxanıya çoxlu insan gəlir. İnanırıq ki, qəsəbəmiz turistik məkana çevriləcək. Bu, bizim də xeyrimizədir, əlavə iş yerləri deməkdir".

Qarış-qarış gəzdiyimiz Balaxanı küçələrində qəsəbə sakinləri ilə söhbətimiz zamanı onların yaradılan şəraitdən razı qaldıqlarının əyani şahidi olduq.

Keçmişi özündə yaşadan, əsrlərin sınağından çıxmış qədim tarixi-mədəni abidələrimizi qoruyaraq gələcək nəsillərə çatdırmaq olduqca vacibdir. Bu gün mədəni irsimizin mühafizəsi, inkişafı və təbliği istiqamətində dövlətimiz tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Sözsüz ki, bu sahədə vətəndaşların da üzərinə düşən öhdəliklər var. Tarixi irsimizin qorunmasına hər kəs təşəbbüs göstərməlidir. Bunun üçün isə ilk növbədə, o irsin dəyərini başa düşməliyik.

Qeyd: Balaxanı haqqında reportaj Vətən müharibəsindən əvvəl hazırlanıb. Müharibə səbəbindən Bakı kəndlərinin bərpasında müəyyən fasilə yaransa da, yaxın vaxtlarda bu işlərin yenidən davam edəcəyi gözlənilir. Çox keçməz ki, digər qədim kənd və qəsəbələr də simasını Balaxanı kimi dəyişəcək, zövq oxşayan abad və yaraşıqlı məkanlara çevriləcək.


Etiketlər:  Balaxanı Keçmişlə müasirliyin göz oxşayan harmoniyası VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ