Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 14:21
Ermənilərin işğaldan azad edilən ərazilərdə təxribat törədəcəkləri gözlənilən idi.
Bunu Sonxeber.net-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Polkovnik bildirib ki, Qarabağda gizlənən erməni silahlıları diasporaların, ayrı-ayrı şəxslərin, qüvvələrin sifarişini yerinə yetirirlər:
"Biz ekspertlər həmişə bunu deyirdik ki, Azərbaycan Ordusunun əsas vəzifəsi olaraq Azərbaycan torpaqlarının ərazi bütövlüyünü bərpa etdikdən sonra hələ təhlükəsizlik məsələləri bu tipli silahlı birləşmələrin, terrorçuların və yaxud PKK-çıların, muzdluların orada olması gözlənilən bir haldır. Bunu Ermənistan tərəfi gizlətmirdi və partizan döyüşünə keçəcəyi ilə bağlı hazırlıq görüldüyü haqda çoxsaylı videomateriallar var idi. Mediada da bu müzakirə olunurdu.
Erməni hərbi-siyasi rəhbərliyi beynəlxalq miqyasda erməni terrorçularla sıx əlaqədə olaraq onları, muzdluları məhz bölgədəki döyüşlərə cəlb etmişdilər, PPK-çılar orada idilər. Yəni, beynəlxalq səviyyədə bütün qanunsuz silahlı birləşmələr hamısı Dağlıq Qarabağa gətirilmişdi və düşünürdülər ki, onlar Azərbaycanın qarşısını ala bilərlər. Ancaq ki fakt faktdır, Azərbaycan qələbə çalıb, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bu gün təmas xəttində yox, dövlətsSərhəddini qoruyurlar.
İndi bu silahlı şəxslər mərkəzə tabe olmurlar və onlar nəzarət altından çıxıblar. Bu silahlılar, terrorçular ayrı-ayrı diasporalar, diasporaların üzvləri, ya hansısa maraqlı qüvvələr tərəfindən maliyyələşdirilirlər. Bu silahlı birləşmələr də onların sifarişini yerinə yetirirlər. İndi də bu proses davam edir. Əlbəttə, heç kim gözləmirdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycanı tərk etdi və bununla da hər şey qurtardı, yox! Biz bilirik ki, bundan narazı olan müəyyən qüvvələr, şəxslər var. Ona görə də bu təxribat əməlləri bir müddət davam edəcək. Artıq Azərbaycanın müvafiq güc strukturları həmin o terrorçuları izləməyə, onları məhv etməyə başlayıblar. Artıq o silahlı birləşmələr arasında çoxlu itkilər də var.
Biz azad edilən əraziləri tək minlardan yox, həm də belə terrorçulardan, quldurlardan, erməni tör-töküntülərindən də təmizləməliyik. Bu proses hazırda gedir. Düşünmürəm ki, əraziləri terrorçulardan təmizləmə əməliyyatları çox davam etsin. Erməni silahlılarının gizləndikləri yerlər boş ərazilərdir. Azərbaycan o ərazilərdə infrastrukturu bərpa etdikcə, bu məsələlər daha tez öz həllini tapacaq.
Azərbaycan güc strukturları peşəkardır, indi bütün texniki imkanlardan istifadə edərək bu terrorçuların yerlərini müəyyənləşdirirlər və onları məhv edirlər. Digər tərəfdən ola bilsin ki, bu prosesə Rusiya sülhməramlıları da qatılacaqlar, qatılmalıdırlar. Bu prosesdə onlar da iştirak etməlidirlər. Çünki onlar ola bilər ki, məhz Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi ərazidəki ermənilər də bu terrorçuların arasında yer ala bilər. Rusiya sülhməramlıları ilə də biz təmas qurmuşuq və bununla əlaqədar müzakirələr gedir.
Monitorinq qrupunda da Türkiyə nümayəndələri var. Düşünürəm ki, bunlar hamısı prosesin gedişatında öz həllini tapacaq. Ancaq nə vaxta qədər təmizləmə əməliyyatları çəkəcək demək, bir az çətindir. Konkret bir zaman söyləmək olmur. İndi qış aylarıdır. Mənə elə gəlir ki, silahlılar hələ bir müddət terror və təxribatla məşğul olacaqlar. Amma çox çəkməyəcək. Bir şey bilirəm ki, Azərbaycanın güc strukturları artıq bununla məşğul olurlar və bu vəzifənin öhdəsindən layiqincə gələ biləcəklər".
Təhməz Əsədov