Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Televiziyası Vətən müharibəsi günlərində

Azərbaycan Televiziyası Vətən müharibəsi günlərində

Tarix: 17 Dekabr 2020 10:42

Son 32 il ərzində Dağlıq Qarabağ ətrafinda baş verən hadisələrin məntiqi nəticəsi - 27 sentyabr tarixindən başlayan və 44 ərzində davam edən Vətən müharibəsi oldu. Azərbaycanın qələbəsi ilə nəticələnən döyüş əməliyyatları 10 noyabr tarixində üçtərəfli razılaşmanın imzalanmasıyla  öz layiqli sonluğunu tapdı. İknci Qarabağ müharibəsi adlandırdığımız bu savaş Prezident İlham Əliyevin dediyi kimi xalqımız üçün Vətən müharibəsi oldu. Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi!

Bu Vətən müharibəsi günlərində və sonrakı dövrdə tamaşaçı auditoriyasının ekran qarşısında daha çox zaman keçirməsi telekanalların ən sanballı məlumat mənbəyi olduğu faktını bir daha təsdiqlədi... Bu baxımdan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə daxil olan hər üç telekanal - "AzTv", "Mədəniyyət " və "İdman" telekanalları, həmçinin Azərbaycan radiosu da bütün efir siyasətini müharibə dövrünün reallıqlarına köklədi. QSC-yə daxil olan telekanallarımızda  verilişlərin və tok şouların əsas mövzusu Vətən müharibəsi oldu. Aztv-nin "Xəbərlər" proqramının operativ şəkildə cəbhə və cəbhəyanı bölgələrədən canl yayımlar aparması, bu ərazilərə ezam olunmuş əməkdaşların bölgə müxbirləri ilə birlikdə çiyin-çiyinə çalışması təqdirə layiqdir. Həyati təhlükənin olmasına baxmayaraq əməkdaşlarımız peşə borclarını, mövcud reallıqlara uyğun şəkildə, layiqincə yerinə yetirmişdilər. Gəncə bürosundan Xaliq Qurbanov  və Sədan Zeynalov, Ağdam bürosundan Pərviz İmranoğlu və  Elgün Qəmbərov, Tərtər bürosundan Elnur Tofiq  və Elmin İsfəndiyaroğlu, büroya ezam olunmuş video operator Elşad Heydərovun  hazırladıqları operativ video materiallar mövcud reallıqları əks etdirirdi. Telekanalımızın  əməkdaşı, sürücü Namiq Qəmbərovun  14 oktyabr tarixində Tərtər istiqamətində  erməni  tərəfinin açdığı atəş zamanı yaralanması, Aztv-yə məxsus  avtomobilin yararsız hala düşməsi faktı da yaddaşlarımıza yazılıb.

Müharibə həqiqətlərini tamaşaçılara operativ çatdıranların sırasında  cəbhə bölgəsinə ezam olunmuş, peşə fəaliyyəti zamanı yaralanmış Anar Şuşalı, həmçinin Tural Qurbanov, Vüsal Qaraca və digər əməkdaşlarımızın da fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Video materialların peyk vasitəsilə ötürülməsini Bərdə və Füzuli rayonlarından operativ yayımla təmin etmiş Səyyar Canlı Ötürmə (Aplinq) maşınlarının heyətlərini də qeyd etmək lazımdır. 50 günlük ezamiyyə müddətində bu əməkdaşlarımızın gərgin əməyi nəticəsində tamaşaçılar operativ görüntülərlə təmin edilmişdilər. Cəbhə bölgəsinə mən də ezam olunduğumdan bu əməyin  nə qədər çətin və məsuliyyətli olduğunu, yaradıcı və texniki heyətin qarşılıqlı, sıx fəaliyyətini təsdiqləyə bilərəm.

Müharibə günlərində canlı yayımda olan "Səhər" proqramı (3 saat), həmçinin "Gün başladı" (1 saat 30 dəq), "Çıxışa doğru" (1 saat 15 dəq), "Əsas məsələ"(gün ərzində iki dəfə olmaqla, hər buraxılışı 1 saat) tok şouları və "Hədəf" analitik proqramıları mütəxəssis fikirlərilə yanaşı, hadisə yerinə operativ qoşulmalarla da teleauditoriyanın informasiya tələbatını ödəmiş oldular. Bu verilişlərin aparıcılarının efir hazırlığının peşəkar səviyyəsi, dəvət olunan sanballı qonaqlarla müzakirə edilən mövzuların  aktuallığı göz önündə idi. "Əsas məsələ"-nin gecə yarısı efirdə olması və xalqımıza qələbə xəbərlərini operativ çatdırması da tamaşaçılarının yadındadır.

Bu müddət ərzində yayımlanmış digər verilişlərin bədii-estetik dəyərləri, mədəni-maarifçilik yükü və iformativ konteksti ilə seçildiyini də vurğulamaq yerinə düşər... Müharibə günlərində  işğaldan azad olunan şəhər  və qəsəbələrimiz haqda yazılan cümlələrdə Firuzə Nadirin publisistik  qələminin istisi hiss olundu. Yunis Orucovun təqdimatında "Jurnalist araşdırması"  müharibənin son gününün  akkordu sayıldı. Adlarını çəkmədiyim onlarla jurnalistimizin  müvəfəqiyyətli efir yanaşması  tamaşaçılarımıza günün dolğun və spesifik təqdimatını verdi.

Müharibə günlərində Gəncə və Bərdə şəhərlərinə erməni silahlı qüvvələri tərəfindən namərdcəsinə atılmış raketlərin xalqımız üçün yaşatdıqları ağrı -acılar hələ uzun müddət qəlbimizi göynədəcək. "Mən Gəncəyəm" və "Xurmalar saralanda" lirik  sənədli qısametrajlı filimləri Aztv əməkdaşlarının  tamaşaçılara təsəllisi idi... Bu sırada şəhid və qazilərimizin ömür yolunu işıqlandıran "Vətənə xidmət" verilişi də müəyyən paya malikdir. Yeni layihəmiz olan "Danışan məktublar" isə qururla bərabər göz yaşlarımıza da səbəb olur. Şəhid və qazilərimizin yaxınlarına  yazdıqları məktubların lirik efir həlli  bu verilişin müəllifləri Güldəstə Nəsibova və Leyla Qədirzadənin uğuru olmaqla yanaşı tamaşaçı üçün də qəhrəman əsgər və zabitlərimizin döyüş yoluna fərdi baxışdır. "Mən də əsgərəm" verilişi maraqlı efir həlli  ilə müharibə günlərində geniş izləyici auditoriyası toplamışdı. Eyni uğurlu cümlələri Azərbaycan Radiosunun da ünvanına yazmaq lazımdır. Efirdə səsləndirilən "Əsgər məktubları" və işğaldan azad olunmuş şəhər və kəndlərimiz haqda  ensiklopedik məlumatların səsləndirilməsi müasir radio  efirində, əslində, bir navatorluq idi.

Ali Baş Komandan İlham Əliyevin birinci nyusmeyker kimi Azərbaycan və Dünya ictimayyətini Qarabağ cəbhəsindəki ən son hadisələr haqda şəxsən məlumatlandırması və bu çıxışların ilk olaraq Dövlət statuslu telekanalımızda yayımlaması böyük tamaşaçı auditoriyasının mütəmadi məlumatlanmasına səbəb olmuşdu. Məlum olduğu kimi Dövlət başçımızın xüsusi diqqət və qayğısı nəticəsində həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş və öz hərbi potensialına görə dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu müzəffər ordunun qalibiyyət paradı da telekanalımız vasitəsilə yayımlanmış, bütün dünya ictimayyətinə çatdırılmışdı.

Tamaşaçıların istər müharibə dövründə, istərsə də hazırkı pandemiya müddətində televizor qarşısında daha çox vaxt keçirməsi, əslində, televiziya jurnalistlərinin öz imkanlarını, yaradıcılıq potensialını nümayiş etdirməsi üçün də bir fürsətdir. Gələcəkdə yeni reallıqlara hesablanmış  jurnalistikanın formalaşması hazırkı dövrun labüd çağırışlarından biri kimi gündəmdədir. Bu, həm də televiziyaçı, bütövlükdə jurnalist  əməyinin cəmiyyət qarşısında nə qədər gərəkli olduğunun göstəricisidir. Eyni zamnada telekanalların cəmiyyət qarşısında mədəni-psixoloji tənzimləyici rolunu da artırır və bu yolla texno-humanitar balans da qorunur.

Təbii ki, 44 günlük Vətən müharibəsi mövzusu telekanallarda, radiolarda, qəzet və jurnallarda, sosial şəbəkələr və internet resurslarda daim diqqətdə olacaq. Bu cərgəyə ədəbiyyatımızın və kinematoqrafiyamızın da qoşulacağı şübhəsizdir. Odur ki, mövzuya yeni yanaşma cəlbedici həyəcan olmaqla, həm də maraqlı telelayihələr dövrü, efirdə müzakirələrin yeni intonasiyası deməkdir!  Bu yanaşmada həmişə yüksək əyarlı peşəkar televiziya saydığım, əlahiddə statuslu  Azərbaycan Televiziyası öndə olmalıdır!  Burada, sadəcə, hadisələri və vizual-dinamik sənət əsərlərini göstərmək  missiyası ilə işlər yekunlaşmır, eyni zamanda informasiya və bədii zövq mühitinin formalaşması  sahəsində liderlik də özünü əyani şəkildə biruzə verməlidir! Düşünürəm ki, bu yöndə də əsaslı addımlar atılacaq, kompleks tədbirlər görüləcək və respublikamız üçün yaxın gələcəkdə yeni televiziya konsepsiyası işlənəcək, bu sahədə müəyyən islahatlar aparılacaq. Çünki dövrün reallıqları, yeni informasiya mühititnin formalaşması, həmçinin yeni ideoloji dəyərlər sisteminin işlənilməsini tələb edir. İnanıram ki, gərgin rəqabət mühitində effektiv informasiya siyasəti yürüdən Azərbaycanımız  qlobal miqyasda bu sahədə ön sıraya çıxacaqdır.

Faiq Hüsiyev
Teleradio Akademiyasının rektoru, Əməkdar jurnalist


Etiketlər:  Azərbaycan Televiziyası Vətən müharibəsi günlərində


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ