Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 13:40
Oktyabrın 14-də Füzuli rayonunda kəndlərin yaraqlılardan təmizlənməsi uğrunda gedən döyüşlərdə ayağımdan və qolumdan güllə yarası almışam. Ayağımdan güllə çıxarılıb, qolumdan sinir əməliyyatı edilmişəm. İstər döyüş bölgəsində, istərsə də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkimlərin yaralılara münasibətindən çox razıyam. Onlar gecəli-gündüzlü hər bir əsgərin üstündə əsirlər, yaralı döyüşçülərin sağalıb ayağa qalxması üçün əllərindən gələni edirlər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Vətən müharibəsində yaralanaraq müalicə alan Elnur Məmmədov deyib.
Qarabağ qazısı daha sonra əlavə edib: "Ordumuzda döyüş əhval-ruhiyyəsi çox yüksək idi. Əsgərlər arasında həmrəylik, birlik, qardaşlıq hökm sürürdü. Ömründə üz-üzə gəlməyən, bir-birini tanımayan döyüşçülər arasında çox isti münasibət var idi. Əsgərlər bir-biriləri üçün özlərini ölümə atırdılar. Döyüş meydanında yaralanan yoldaşlarını çıxarmaq üçün öz həyatını təhlükə altında qoyaraq böyük fədakarlıq göstərirdilər. Mən yaralananda döyüş yoldaşım Vahid Abbasov ölümü gözünə alaraq bizi atəş altından çıxardı. Hospitala yerləşəndən sonra xəbər tutdum ki, o, Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Belə qəhrəman, fədakar döyüşçünü necə unudasan? Allah ona və bu yolda canını fəda edən bütün şəhidlərə rəhmət eləsin. Qazilərin isə tezliklə şəfa taparaq həyata qayıtmağını arzu edirəm".