Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənilərin qənimi'' ləqəbli XTQ giziri: Qələbə xəbərindən iki gün sonra şəhidlik arzusuna çatdı - REPORTAJ - VİDEO

''Ermənilərin qənimi'' ləqəbli XTQ giziri: Qələbə xəbərindən iki gün sonra şəhidlik arzusuna çatdı - REPORTAJ - VİDEO

Tarix: 18 Dekabr 2020 20:56

İnsan doğulur, bir ömür yaşayır və köçüb gedir. Amma elə insanlar var ki, bu dünyada etdikləri ilə hər zaman xatırlanır. Vətənin bütövlüyü uğrunda şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Allahverdi Ələkbərov kimi.

Sonxeber.net APA TV-yə istinadən bildirir ki, o, 1987-ci ilin 15 fevral tarixində Ucar şəhərində anadan olub. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2015-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində gizir kimi təkmilləşdirmə kursunu keçərək Azərbaycan Ordusunda xidmətə başlayıb. 2017-ci ildə müvafiq kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı gizir vəzifəsində xidmət edib.

Allahverdi sentyabrın 27-də başlayan Vətən Müharibəsində Suqovuşan kəndinin, Füzuli rayonunun və Hadrutun işğaldan azad olunmasında iştirak edib, döyüşlərdə öz qəhrəmanlığı və qətiyyəti ilə fərqlənib. Ermənilərin 100-dən artıq canlı qüvvəsini məhv edən bölük komandiri Qubadlı uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşını xilas etmək istəyərkən düşmən tərəfindən snayperlə vurulub və ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, noyabrın 11-də Mingəçevir şəhər hərbi hospitalında dünyasını dəyişib və Ucar rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Anası Allahverdini atasız böyüdüb. Aybəniz Abdullayeva deyir ki, o, çox tərbiyəli, mehriban uşaq idi, hərb sənətini də könüllü olaraq seçib: "Füzuli, Cəbrayıl, Zəngilanın alınmasında iştirak edib. Adını "ermənilərin qənimi" qoyublar. Döyüş yoldaşları deyir ki, Allahverdi nə zaman qabağa getsə, o günü işimiz əla alınırdı".

Döyüşlər vaxtı tez-tez əlaqə saxlayan Allahverdi anası ilə axırıncı dəfə müharibənin 18-ci günü danışıb. Anası deyir ki, bir neçə yerindən yaralanmışdı: "11 gün komada qalandan sonra ayılıb. Həkim deyib ki, bunun bədəni dəmirdəndir, ürəyi dözüb. 11 dəfə əməliyyat olunmuşdu. Mədəaltı vəzi dağılıb, bağırsaqları yox idi, ürəyin arxa divarında qəlpə olub".

Bacısı Ayşən Allahverdini mehriban, qayğıkeş qardaş kimi xatırlayır. Qardaşı həmişə ona "dualarını məndən əsirgəmə, hər şey yaxşı olacaq" desə də, indi özünü çox yalnız hesab edir: "Atasız böyüdüyümüzə görə həm atam idi, həm də qardaşım. Onun itkisi mənə çox təsir elədi. Başımı həmişə dik tutacam, çünki mənim igid, qorxmaz bir qardaşım olub".

Şəhidin həyat yoldaşı Aydan xanım deyir ki, Allahverdi həmişə vətəni birinci ailəsi hesab edirdi. Müharibə başlamamışdan 2-3 gün əvvəl evə onları görməyə gəlib: "Şəklini verdi, dedi əgər mənə nəsə olsa, şəhid olsam (inşallah ki, olaram), mənim başdaşıma bu şəkli vurarsınız. Dedi, heç vaxt başına qara yaylıq bağlama".

Müharibənin 21-ci günü evə zəng edib, deyib ki, yaralanmışam, amma narahat olmayın, yanıma gələrsiniz: "Komadan ayıldıqdan sonra mesaj yazıb uşaqları soruşurdu. Qələbə günü mesaj yazdı ki, bu gün əsl bayramdır. Həmin gün əməliyyat oldu. Sanki qələbə xəbərini gözləyirdi, bu xəbəri aldıqdan sonra şəhid oldu".

Allahverdi Ələkbərovun iki oğlu, bir qızı var. Onun arzusu oğlanlarının hərbçi olması imiş, ona görə də də onları idmana yazdırıb.

Oğlu Əlhüseyn Ələkbərov deyir ki, mən böyüyəndə atamın yolunu davam etdirəcəyəm: "Mən atam igid olub, mən onunla fəxr edirəm".

Qızı da atası ilə fəxr edir, "atamın istəyini yerinə yetirib, böyüyəndə həkim olacağam" deyir.

Allahverdi Ələkbərovun döyüş və kurs yoldaşları da onun haqqında qürurla danışırlar. Döyüş yoldaşı Elmir Dərgahov onu vətənpərvər biri kimi xatırlayır, ən böyük arzusunun şəhid olmaq olduğunu deyir: "O, kurs yoldaşları arasında mehribanlıq yaradıb, pis və yaxşı gündə yanımızda olub. Vətəninə, xalqına həmişə can yandırıb. Vətən uğrunda döyüşərək şəhid olmaq istəyib. O da qismət oldu. Allah ona rəhmət eləsin!"

Qeyd edək ki, Allahverdi Ələkbərov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Etiketlər:  Ermənilərin qənimi ləqəbli giziri Qələbə xəbərindən gün sonra şəhidlik arzusuna çatdı REPORTAJ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ