Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN 2020-ci lin hesabatını açıqlayıb

XİN 2020-ci lin hesabatını açıqlayıb

Tarix: 29 Dekabr 2020 12:33

2020-ci ildə bütün fəaliyyət istiqamətlərində olduğu kimi beynəlxalq münasibətlər sistemi də COVID-19 pandemiyasının ciddi təsirinə məruz qalmışdır. Pandemiya səbəbindən ölkələr öz sərhədlərini bağlamağa və qapanmağa məcbur olmuş, beynəlxalq ticarət əlaqələri, həmçinin maliyyə bazarları tənəzzüllə uğramış və dünya ən böyük sosial-iqtisadi böhranlardan biri ilə üzləşmişdir. Bəşəriyyətin ən ağır illərindən biri olduğuna baxmayaraq, cari ildə Azərbaycan Respublikası milli maraqlarına əsaslanan xarici siyasət kursunu uğurla davam etdirmişdir.

Vətən Müharibəsi

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum nəticəsində davam etmiş 44 günlük müharibə ərzində zəbt edilmiş ərazilərin böyük bir hissəsi erməni işğalından azad olunmuşdur. Hərbi əməliyyatlar zamanı qazanılmış qələbə işğalçını təslim olmağa məcbur etmiş və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən birgə bəyanatın imzalanması ilə Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilmişdir. Bölgədə yeni reallıq yaratmış və çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək 10 noyabr razılaşmasının zamini qismində Rusiya Federasiyası və Türkiyə Respublikasının rolunu xüsusi qeyd etmək olar.

Sentyabr-noyabr aylarında davam etmiş hərbi döyüşlər zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı muzdlulardan və əcnəbi terrorçu döyüşçülərdən istifadə edilməsi barədə Xarici İşlər Nazirliyi tərəfindən müfəssəl hesabat hazırlanaraq BMT üzv dövlətlərinə, eləcə də müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilmişdir.

Ermənistanın ölkəmizə qarşı son hərbi təcavüzü zamanı erməni diaspor təşkilatları tərəfindən təsis edilmiş fondlar vasitəsilə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimə və silahlı birləşmələrə maliyyə dəstəyinin göstərilməsinin qarşısının alınması istiqamətində "xeyriyyə təşkilatları" adı altında bu cür dəstəyi həyata keçirən qurumlar, eləcə də onlara xidmət göstərən bank və maliyyə təşkilatları barədə hesabat hazırlanaraq BMT üzv dövlətlərində maliyyə monitorinqini həyata keçirən strukturlara və müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilmiş və fəaliyyəti terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş bu cür fondlara və qurumlara qarşı sərt tədbirlərin görülməsi tələb edilmişdir.

Həmçinin bu dövr ərzində, Azərbaycana qarşı yeni hərbi təcavüzü çərçivəsində Ermənistan tərəfindən beynəlxalq insan hüquqları hüququ və beynəlxalq humanitar hüququn pozulması, o cümlədən mülki şəxslərin məqsədyönlü hədəfə alınması, öldürülməsi, ictimai və şəxsi mülkiyyətin, mülki infrastrukturların hədəf alınması və bu əməllərin hüquqi qiymətləndirilməsi barədə mütəmadi hesabatlar hazırlanaraq BMT başda olmaqla, bütün aidiyyəti beynəlxalq təşkilatlara, habelə dövlətlərin Xarici İşlər Nazirliklərinə təqdim edilmişdir.

Hərbi əməliyyatlar davam etdiyi müddətdə bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına dəstək nümayiş etdirərək, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən və Azərbaycanla həmrəyliyini ifadə edən mövqedən çıxış etmişdir.

44 gün ərzində aparılmış Vətən Müharibəsində Azərbaycanın haqq mövqeyini hər zaman dəstəkləyən və yüksək mənəvi yardımını əsirgəməyən Türkiyənin töhfəsini ayrıca vurğulamaq lazımdır. Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Türkiyə-Azərbaycan qardaşlığının və birliyinin sarsılmaz olduğu növbəti dəfə özünü bariz şəkildə büruzə vermişdir.

Azərbaycanın ağır günlərində onun haqlı mövqeyinə izhar olunan birmənalı beynəlxalq dəstək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında şəffaf, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında həyata keçirilən uğurlu xarici siyasət fəaliyyətin nəticəsi olmuşdur.

COVID-19 pandemiyası ilə mübarizə

Beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü doğrultmuş Azərbaycan Respublikası COVİD-19 pandemiyası ilə mübarizə üzrə aparılan beynəlxalq səylərə öz töhfəsini əsirgəməmişdir. Azərbaycan bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi vermiş, həmçinin ISESCO və Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA), eləcə də 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərmişdir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə cari ilin 4 may tarixində keçirilmiş Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təklifi BMT-nin 150-dən artıq üzv dövləti tərəfindən dəstəklənmiş və 3-4 dekabr tarixlərində bu mövzuda xüsusi sessiyanın yüksək səviyyəli seqmenti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi sessiyanın çağırılmasının təşəbbüskarı kimi tədbirin açılış hissəsində Qoşulmama Hərəkatının sədri qismində, eləcə də ümumi müzakirələri zamanı milli qisimdə çıxış etmişdir. Xüsusi sessiyanın ümumi müzakirələrində 37 dövlət və 40 hökumət başçısı, 67 nazir çıxış etmişdir və çıxış edənlər tərəfindən sessiyanın keçirilməsinin təşəbbüskarı olduğuna görə Azərbaycana təşəkkür ifadə edilmişdir.

Azərbaycanın bu xoşməramlı və humanist təklifini dəstəkləməyən yeganə ölkə Ermənistan Respublikası olmuşdur ki, bu ölkə həmçinin pandemiya dövründə qlobal atəşkəslə bağlı BMT Baş katibinin təşəbbüsünü də məhəl qoymamışdır. Belə ki, cari ilin iyul ayında Ermənistan yeni ərazilər işğal etmək və Azərbaycanın strateji enerji infrastrukturuna zərbə vurmaq məqsədilə Ermənistan-Azərbaycan beynəlxalq sərhədinin Tovuz istiqamətində hərbi təxribatlara əl atmış və daha sonra, avqust ayında bu ölkənin diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir.

Parlament seçkiləri

9 fevral 2020-ci il tarixində keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar beynəlxalq təşkilatlara, o cümlədən ATƏT/DTİHB, Avropa Şurası, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, TDƏŞ və QDİƏT-ə Xarici İşlər Nazirliyi tərəfindən seçkiləri müşahidə etmək üçün dəvətlər göndərilmiş və beynəlxalq müşahidə missiyaları, habelə xarici ölkələrdən ikitərəfli əsasda gələn müşahidəçilər daxil olmaqla 900-ə yaxın beynəlxalq müşahidəçi seçkiləri müşahidə etmişdir. ATƏT/DTİHB-in Seçki Müşahidə Missiyasının bu seçkilər üzrə ilkin qənaətlər barədə bəyanatında və yekun hesabatında Azərbaycanlı məcburi köçkünlərin səsvermə hüququnun təmin edilməsi istiqamətində görülən işlər, namizədlərin qeydiyyatı prosesinin əhatəliliyi, qadın namizədlərin sayının artması, seçki prosesinin yaxşı idarə edilməsi və s. kimi məqamlar əks olunmuşdur.

Beynəlxalq təşkilatlarda sədrlik

2020-ci ildə Azərbaycan Qoşulmama Hərəkatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyi həyata keçirilmişdir.

İl ərzində ölkəmizin Qoşulmama Hərəkatına (QH) sədrliyi uğurla davam etdirilmişdir. 21 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev QH-nin sədri qismində BMT-nin 75-ci ildönümünə həsr olunan yüksək səviyyəli tədbirdə çıxış etmişdir.

12 iyul tarixindən başlayaraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfindən törədilən hərbi təxribatla bağlı 16 iyul 2020-ci il tarixində QH-nin Əlaqələndirici Bürosunun fövqəladə iclası keçirilmiş və iclasın yekununda həmin təxribatı pisləyən Kommünike qəbul edilmişdir. 27 sentyabr tarixində Ermənistanın yenidən başlamış hərbi təcavüz aktı ilə əlaqədar QH-nin 9 oktyabr 2020-ci il tarixində video-konfrans formatında keçirilmiş iclasının gündəliyinə "Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum" başlıqlı bənd daxil edilmiş və həmin bənd altında Xüsusi Bəyannamə qəbul edilmişdir. Xüsusi Bəyannamədə QH-yə üzv dövlətlər Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslər arasında itkilərlə müşayiət olunan toqquşmaların bərpasından narahatlıq ifadə etmiş, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə prinsipial dəstəklərini bir daha bildirmiş, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklərini vurğulamış və Hərəkatın prinsipial mövqeyi əsasında Azərbaycan Respublikası ilə həmrəy olduqlarını qeyd etmişlər.

Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü olan yeddi QH ölkəsi 19 oktyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətin müzakirə olunduğu BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələri, eləcə də TŞ sədrinin məsələ ilə bağlı bəyanatının layihəsinin müzakirələri zamanı münaqişə ilə bağlı QH-nin prinsipial mövqeyindən çıxış edərək ölkəmizə dəstək nümayiş etdirmiş və TŞ sədri adından qərəzli bəyanatın qəbul olunmasının qarşısını almışlar.

Azərbaycana qarşı həyata keçirilmiş hərbi təcavüzün qarşısının alınmasında QH ilə yanaşı Türk Dövlətləri Əməkdaşlıq Şurası (TDƏŞ) da Azərbaycanla həmrəyliyini nümayiş etdirmişdir. 28 sentyabr tarixində TDƏŞ-in Baş katibi öz bəyanatında münaqişənin Azərbaycanın suverenlik, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu vurğulanmışdır. Ümumilikdə, Azərbaycanın TDƏŞ-də sədrliyi yüksək fəallığı və səmərəliliyi ilə seçilmişdir. 10 aprel 2020-ci il tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının cari sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş video-konfrans vasitəsilə TDƏŞ-in fövqəladə Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü dünyada COVİD-19 pandemiyasına həsr olunan dövlət başçıları səviyyəsində ilk tədbir olmuşdur.

2020-ci ildə Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-da sədrliyi çərçivəsində geniş spektrli əməkdaşlıq sahələri üzrə bir sıra dövlət qurumlarının, o cümlədən Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Turizm Agentliyinin mütəxəssislərinin iştirakı ilə telekonfrans formatında çox saylı görüşlər və işçi iclaslar keçirilmişdir.

İqtisadi əməkdaşlıq

Cari ildə Azərbaycanın hərtərəfli inkişaf strategiyasına xidmət edən xarici siyasət fəaliyyətində xüsusi diqqət iqtisadi münasibətlərin inkişafı, enerji təhlükəsizliyin təminatı və transregional infrastruktur layihələrin irəliləməsinə ayrılmışdır. Beynəlxalq ticarət əlaqələrinin təşviqi, ixrac potensialının və yerli sənaye məsullarının beynəlxalq rəqabətliyinin artırılması, yüksək texnologiyalar və innovasiyaların tətbiqi, həmçinin qlobal və regional beynəlxalq iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi xarici iqtisadi siyasətin prioritet istiqamətlərini təşkil etmişdir.

İl ərzində "2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi" və "BMT-nin İnkişaf Proqramının 2021-2025-ci illər üçün Azərbaycan üzrə ölkə proqramı sənədi" layihələri razılaşdırılmış, həmçinin, BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi altında Dayanıqlı İnkişaf üzrə 2021-ci ildə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum zamanı ölkəmizin növbəti Könüllü Milli İcmal təqdim etməsinə dair qərar qəbul edilmişdir. Beləliklə, region və MDB ölkələri arasında Azərbaycan Könüllü Milli İcmal təqdim edəcək ilk ölkə olacaqdır.

Bu il Xarici İşlər Nazirliyinin əlaqələndirilməsi ilə bu il Litva, Ukrayna, İtaliya, Koreya və Macarıstan ilə Hökumətlərarası Komissiyaların iclasları keçirilmişdir.

Beynəlxalq qurumlaradakı seçkilər

Beynəlxalq qurumların seçkili vəzifələrinə Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş namizədliklərin təşviq edilməsi istiqamətində fəaliyyət cari ildə də davam etdirilmişdir. Xarici İşlər Nazirliyi tərəfindən aparılmış seçki kampaniyasının nəticəsi olaraq 14 sentyabr 2020-ci il tarixində Nyu-York şəhərində BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının nümayəndəsi Komitənin üzvü seçilmişdir. Seçkilərdə əldə edilmiş uğurun əlamətdar tərəflərindən biri ölkəmizin nümayəndəsinin ilk dəfə sözügedən quruma seçilməsidir.

Humanitar əməkdaşlıq

2020-ci ildə Xarici İşlər Nazirliyi tərəfindən insan hüquqları və qanunun aliliyi prinsiplərinin təşviqinə cavabdeh olan beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq uğurla davam etdirilmişdir.

Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzdən əziyyət çəkən soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi üçün müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət aparılmış və bu sahədə Azərbaycan tərəfindən BMT Baş Assambleyasının 75-ci sessiyasında irəli sürülmüş dövlətlərarası silahlı münaqişələr zamanı itkin düşmə problemlərini əhatə edən "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilmişdir. Bununla yanaşı BMT-nin Qadınların vəziyyəti üzrə Komissiyasının 64-cü sessiyasında ölkəmizin müəllifliyi ilə irəli sürülən "Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi" adlı qətnamə layihəsi də konsensusla qəbul edilmişdir.

Ermənistanın son təcavüzü nəticəsində həlak olmuş hərbçilərimizin nəşlərinin, eləcə də hərbi əsirlərin və bütövlükdə münaqişə ilə əlaqədar saxlanılmış şəxslərin "hamının hamıya" prinsipi əsasında qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi daxil olmaqla müvafiq beynəlxalq təşkilatlarla aparılmış davamlı işlər nəticəsində əsir və girovların qarşılıqlı qaytarılması başlamışdır. 2014-cü ildən erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov da azərbaycanlı əsir və girovlar arasında Vətənə qayıtmışlar.

İnsan hüquqları və qanunun aliliyi sahələrində beynəlxalq təsisatlarla aparılan fəal əməkdaşlıqla yanaşı cari ildə mədəniyyətlərarası dialoqun təşviq edilməsinə də böyük önəm verilmişdir. 2020-ci ilin 21 sentyabr tarixində ilk dəfə olaraq Azərbaycanın üç şəhəri - Bakı, Gəncə və Qəbələ YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilmişdir. Sözügedən şəbəkənin əsas məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, həmçinin rifah və dayanıqlı inkişafı təbliğ etməkdən ibarətdir. Eyni zamanda, il ərzində Azərbaycanın irəli sürdüyü bir sıra milli və çoxmillətli nominasiyalar, o cümlədən "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" və "Miniatür sənəti" nominasiyaları Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmişdir.

Çoxtərəfli və ikitərəfli əlaqələr

Cari il ərzində bir sıra çoxtərəfli və ikitərəfli formatlarda xarici siyasət fəaliyyəti davam etdirilmişdir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası, Türkmənistan, Ukrayna, Macarıstan, Koreya Respublikası, Serbiya Respublikası, Niderland Krallığı, İtaliya Respublikası və Çin Xalq Respublikası arasında bu il 28 beynəlxalq müqavilə imzalanmışdır.

2020-ci il 25 fevral tarixində imzalanmış və avqust ayında qüvvəyə minmiş "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş"ə əsasən hər iki ölkə vətəndaşları üçün 90 gün vizasız qalma müddəti müəyyən edilmişdir. 2020-ci ilin 10 dekabr tarixində "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol" imzalanmışdır. Sözügedən Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq biometrik şəxsiyyət vəsiqəsi və digər sərhədkeçəmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala bilər. Beləliklə, Azərbaycan Respublikası tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün Müqavilə imzalamışdır.

Ümumilikdə, cari ildə Türkiyə Respublikası, Türkmənistan, Macarıstan, Bolqarıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Ukrayna, Çin Xalq Respublikası, Serbiya Respublikası, Meksika Birləşmiş Ştatları, Polşa Respublikası, Monteneqro, Koreya Respublikası, Niderland Krallığı, İtaliya Respublikası, İordaniya Haşimilər Krallığı və Tacikistan Respublikası ilə 37 beynəlxalq müqavilənin qüvvəyə minməsi təmin edilmişdir.

Siyasi, iqtisadi və humanitar sahələrdə dövlətlərarası tərəfdaşlıq münasibətləri inkişaf etdirilmişdir.

İl ərzində Azərbaycan Respublikasının Prezidenti İsveçrə, Almaniya, İtaliya və Müqəddəs Taxt-Taca rəsmi və işgüzar səfərlər həyata keçirmiş, həmçinin Azərbaycan Respublikasının xarici işlər naziri İsveçrə, Avstriya, Almaniya, Belçika, Türkiyə, Rusiya, Gürcüstan, ABŞ və İranda rəsmi və işgüzar səfərlərdə olmuşdur.

Eyni zamanda, 2020-ci ildə Türkiyənin və Türkmənistanın Prezidentləri, həmçinin Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Rusiyanın xarici işlər nazirləri ölkəmizə rəsmi və işgüzar səfərlər etmişlər.

30 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Kuba Respublikasında Səfirliyi təsis edilmişdir.

Xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə iş

İl ərzində xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması, onlara mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, xarici ölkələrdə üzləşdiyi çətinliklərin aradan qaldırılması üzrə aparılan fəaliyyət davam etdirilmişdir.

2020-ci ildə İraq Respublikasından Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyası istiqamətində aparılan təxliyə prosesi nəticəsində İraq həbsxanalarında və uşaq evlərində yaşayan 194 nəfər Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar Azərbaycana qayıtmış və müvafiq reabilitasiyadan sonra yaxınlarının himayəsinə verilmişdir.

Bununla yanaşı, COVİD-19 pandemiyası ilə əlaqədar İran, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, ABŞ və digər ölkələrdən Vətənə qayıtmaq arzusunda olan 15000-dən çox Azərbaycan Respublikası vətəndaşının təxliyəsi həyata keçirilmişdir.

Cari ildə Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) vasitəsilə bir sıra ölkələrdə təxliyə üçün müraciət edənlərin sırasında ciddi maddi sıxıntı ilə üzləşən azərbaycanlı tələbələrə mailiyə dəstəyi göstərilmiş, həmçinin 20 ölkədə yaşayan 600 nəfərdən çox son dərəcə çətin vəziyyətdə olan tələbələrin hər birinə birdəfəlik maliyyə müavinəti təqdim edilmişdir.

ADA Universiteti

5-16 oktyabr tarixlərində AIDA və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində 14 ölkənin diplomatları üçün video-konfrans formatında həyata keçirilmiş "Əcnəbi diplomatlar üçün Xarici Siyasət Proqramı" adlı ixtisasartırma kursu çərçivəsində Azərbaycanın daxili və xarici siyasət gündəliyində duran bir sıra aktual məsələlərə dair kurs iştirakçılarına ətraflı məlumat verilmişdir.

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti cari ildə üç ikili diplom proqramı imzalamışdır: Corc Vaşinqton Universiteti (ABŞ) ilə "Kompüter elmi" və "Data analitikası" sahəsində; MGIMO (Rusiya) ilə MBA-Maliyyə sahəsində magistr proqramı; CEFAM Universiteti (Fransa) ilə "Biznesin İdarəedilməsi" sahəsində bakalavr proqramı. Bundan əlavə, ADA Universiteti Berqamo Universiteti (İtaliya), British Council (İngiltərə) və Kent Universiteti (İngiltərə) ilə akademik layihələr həyata keçirmişdir. ADA Universiteti akademik proqramlarında Maliyyə, Beynəlxalq İnkişaf, Kommunikasiya və Rəqəmsal Media sahələrində yeni bakalvr proqramlarına başlamışdır.

Növbəti ildə qarşıda duran vəzifə

2021-ci ildə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının dövlət mənafeyi və milli maraqlarının beynəlxalq aləmdə layiqincə təmin edilməsi məqsədilə apardığı çevik və praqmatik xarici siyasət fəaliyyətini davam etdirəcəkdir. Əsas səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə maraqlarımıza cavab verən qarışlıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dost ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların cəlb edilməsi, bölgədə yeni əməkdaşlıq və inkişaf təşəbbüslərinin təşviq edilməsi, habelə enerji və nəqliyyat sahələrində irimiqyaslı regional infrastruktur layihələrin uğurla həyata keçirilməsinin təmin edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin gücləndirilməsi və nüfuzunun daha da artırılmasına yönələcəkdir. Xarici siyasət fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı "bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması əsas prinsiplərimizdən biridir" fikri əsasında həyata keçiriləcəkdir.


Etiketlər:  XİN 2020 hesabatını açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ