Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2021 16:28
Vətən müharibəsində Qubanın Qonaqkənd qəsəbəsində yaşayan üç döyüşçümüz şəhidlik zirvəsinə ucalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, onlardan biri əsgər Məmmədov Cəlil Qəhrəman oğludur. O, müharibə başlayan gündən Füzuli cəbhəsindən Şuşayadək qızğın döyüşlərdə qəhrəmanlıqla savaşıb. Cəlil noyabrın 8-də Şuşa uğrunda həlledici döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Qəhrəman əsgər ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cəlil Məmmədov 1999-cu ildə dünyaya göz açıb. Orta məktəbi və Quba Dövlət Sosial İqtisad Kollecini müvəffəqiyyətlə başa vurub. Əsgərliyi bitirdikdən sonra ali təhsil almağı arzulayırdı.
Şəhidin atası Qəhrəman Məmmədov bildirir ki, oğlu Vətən müharibəsində daim düşmənə qan udduran həmlə qruplarında yer alıb.
"Döyüş yoldaşlarının bildirdiyinə görə, oğlum Şuşanın azad olunmasına saatlar qalarkən şəhidlik zirvəsinə ucalıb. Yaxınlıqda minaatan mərmisi partlayıb. Döyüş yoldaşları, o cümlədən komandiri ağır yaralanıb. Cəlil komandirini ərazidən çıxararkən daha bir mərmi onun yanında partlayıb. Bu partlayış oğlumun şəhid olmasına səbəb olub. Amma Şuşa onun döyüş yoldaşları tərəfindən azad olundu. Oğlumun ruhu şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin" - deyə, şəhidin atası söyləyib.
Cəlil evin böyük oğlu idi. Onun özündən kiçik iki qardaşı var.
"Cəlil sözəbaxan, mehriban oğul idi. Məktəbdə də dərslərini yaxşı oxuyurdu. Kollec oxusa da, özünə söz vermişdi ki, ali məktəbi də oxuyacaq, müəllim olacaq. Əsgərliyə gedəndə də deyirdi ki, mən torpaqlarımızı alıb qayıdacağam. Torpaqlarımızı azad etdi, amma özü şəhid olub qayıtdı. Şəhid analarına səbir diləyirəm. Oğullarımız Vətən uğrunda şəhid olublar" - deyə, şəhidin anası Məkan Məmmədova bildirib.
Qardaşı İntiqam Cəlildən bir yaş kiçik olsa da, məktəbdə onunla eyni sinifdə oxuyub: "Müəllimlər Cəlili həmişə mənə nümunə göstərirdilər. Deyirdilər onun kimi intizamlı ol, dərslərini Cəlil kimi oxu. O, mənə qardaş olmaqla bərabər, həm də sinif yoldaşı, dost idi. Fəxr edirəm ki, Cəlil mənim qardaşımdır. Biz hərbi komissarlığa bir yerdə getmişdik. Onu hərbi xidmətə apardılar, mənə isə möhlət verildi. Qardaşım mənə deyirdi ki, narahat olma, mən buradayam, torpaqlarımızı düşməndən azad edib qayıdacağam...".
Şəhid Cəlil Məmmədov Qonaqkənd qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.