Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 14:08
Biz 8 il Leninqradda (Sankt-Peterburq) yaşamışıq. Kamranın başqa qardaş, bacısı yoxdur, iki övlad olmuşuq.
Bunu Sonxeber.net-a açıqlamasında 44 günlük müharibənin qəhrəmanlarından şəhid Seyfullazadə Kamran Cəlal oğlunun bacısı Samirə xanım deyib.
Şəhidin bacısı bildirib ki, Kamran Vətən Müharibəsində iştirak etmək üçün ona çağırış gəlməyini gözləməyib:
"Kamranın 13 yaşı olanda Azərbaycana gəldik. Təhsilimizi burada davam etdirdik. Azərbaycanı çox sevirik, Azərbaycan bizim vətənimizdir. Amma Azərbaycana gəlişimiz ailəmiz üçün düşərli olmadı. 8 ildir Azərbaycanda müalicə alıram. Məndə ciyər problemi idi, sonra çevirdi asmabronxitə. Qan azlığı (anemiya) var idi. Qanımın faizi 29-a kimi düşürdü.
Elə bil ki, mən xəstə düşdüm, özü də çox pis. Həkim dedi ki, "Bunu təcili aparın Azərbaycana. Ola bilsin ki, onda ciddi oksigen çatışmazlığı var, orada bu problem düzələr". Deyirdilər ki, "Rusiyada ölsə onu Azərbaycana aparmaq olmayacaq, ikili vətəndaşlığı var". Məndən fərqli olaraq Kamran heç vaxt xəstələnməyib, çox sağlam uşaq idi. Atam gətirdi bizi Astaraya ki, məni burada müalicə etdirə. Biz də Astarada yeni ev tikdirmişdik, bir müddətlik planlaşdırdıq ki, burada yaşayaq, sonra qayıdarıq.
Əsas problemlər də bundan sonra başladı. Atam həbs olundu. Biz atalıykən atasız böyüməyə başladıq. Kamran mənə qarşı körpə qızını sevən ata kimi oldu. Məcbur qalıb Azərbaycanda qalmalı olduq. Düzdür, Azərbaycanda qalmaq amma Kamranın ürəyincə idi. O, elə bil Azərbaycan ilə nəfəs alırdı. Mən burada məktəbi bitirdim, ali təhsil aldım. Amma Kamran 6-cı sinifdən artıq məcbur şəkildə dərsdən ayrıldı. Uşaq yaşlarından ailəni dolandırmaq üçün çalışırdı, başı tamamilə işə qarışdı. Biz burada məcbur atamı gözləməli olduq, çıxıb gedə bilmədik.
Kamranın hərbi xidmət müddəti çatdı. Goranboyun Ballıqayadakı hərbi hissəsində snayper kimi xidmət etdi. Hərbi xidmətini tərifnamələr, fəxri fərmanlarla başa vurdu. Komandirləri Kamrandan ağızdolusu danışıblar həmişə.
Hərbi xidməti başa çatandan sonra ancaq başı işə qarışdı. Evin tək oğlu idi, amma avaraçılıq etmədi. Anaya, bacıya o qədər bağlı bir insan idi ki, bizim nəyəsə ehtiyacımız olmağına imkan vermədi. Bir insan oğlu tərəfindən, qardaşı tərəfindən nə qədər sevilə bilərsə, o qədər sevdi bizi. Hərdən ona deyirdim ki, "Bu qədər sevgimi olar?", deyirdi ki, "Səni hələ mən bundan da çox sevəcəm".
İndi özümü qınayıram ki, mənə görəmi oldu, ailəmizin başına gələn bu qədər şey? Kamran şəhid olan günün sabahı atamı azadlığa buraxdılar. Hətta onun dəfninə də gəlib özünü çatdıra bilmədi. Kamran atamın azadlığa çıxacağı günü səbirsizliklə gözləyirdi. O qədər gözlədi, amma atamı görə bilmədi.
İyul ayında Tovuz hadisələri zamanı general Polad Həşimovun şəhid olması xəbərindən sonra Kamran hərbi komissarlığa gedərək könüllü kimi iki dəfə ərizə yazdı. Sonra iki dəfə də Səfərbərlik Xidmətinin saytında qeydiyyatdan keçmişdi. 21 sentyabr idi, mən Lənkərana xəstəxanaya getməli idim. Səhər getdim Kamranı qucaqladım, öpdüm, zarafatla dedim ki, "Ola bilsin xəstəxanadan dönmədim". Astaranın çıxışına çatanda Hərbi Komissarlığın qarşısının gənclərlə dolu olduğunu gördüm. İlk ağlıma gələn o oldu ki, yəqin oktyabr "prizivlərı"nə görədir bu izdiham. Tez Kamrana zəng etdim. Dedim "Kamran oyanmısan, gedirsən işə?". Dedi "Nə iş?! Xəbərin var nə olub? Uşaqlar mənə zəng edib dedilər ki, təlimlərdə iştirak etmək üçün könüllüləri yığırlar. Mən 4 dəfə ərizə yazmışam, xeyir ola məni aparmırlar?". Kamran mənlə danışandan sonra durub, hərbi biletini də götürüb komissarlığa gedib. Orada deyib ki, "Mən başa düşmürəm, siz bunları aparırsınız. Hamısı da məndən yaşca kiçik və hərbi xidməti yeni bitiriblər, amma məni aparmırsınız". Komissarlıqdan deyiblər ki, sizə də növbə çatacaq. Kamran deyib ki, "Mən növbə gözləyə bilmərəm. Ya aparırsınız, ya da gedib şikayət edəcəm ki, 4 dəfə ərizə yazıb qeydiyyatdan keçmişəm, məni aparmayıblar". Elə həmin gün - 21 sentyabrda mən xəstəxanada, anam işdə olduğu bir vaxt telefonunu dostuna verib, deyib ki, evə göndər, mən gedirəm. Yəni, qardaşım üçün çağırış da gəlməmişdi hələ. Ora çatan kimi mənə zəng etdi. Dedi "Narahat olmayın, Füzulidəyəm, təlimdəyik. Təlim başa çatsın gələcəm. Əgər gəlməsəm, sən canavarsan, ana sənə əmanət". Mən ondan ayrı qalmamışam. Dedim "Mən təkəm, atam da yanımda yoxdur. Mən sənsiz nə edərəm axı?!" Mənə nə desə yaxşıdır - Dedi ki, sən mənim üçün dua et ki, "mənim qardaşım şəhid olsun". Onun bu sözünə cavab verdim ki, "Mən bunu necə dilə gətirə bilərəm, necə dua edə bilərəm axı?" Elə oldu ki, hər gün zəng etməyə başladı. Bizə bildirmədi ki, o artıq Qarabağdadır. Füzuli, Cəbrayıl, Qubadlı, Suqovuşan, Hadruta öz əli ilə divara yazıb ki, "Astara - Qarabağ Azərbaycandır!" Təsəvvür edin, bu döyüşür, torpaqları işğaldan azad edə-ed gedirlər, bizə ilk günkü kimi deyr ki, "Mən arxa cəbhədəyəm, narahat olmayın".
Mənlə axırıncı dəfə oktyabrın 31-dən 1-nə keçən gecə danışdı. Gecə 2 idi, zəng etdi, dedi ki, "Mənə haqqını halal edirsən? Mənim haqqım sənə halal olsun". Dedim ki, "Sən mənim atamsan, sən haqqını mənə halal et. Mənim sənin üzərində heç bir haqqım yoxdur". Mənə son sözü o oldu ki, "Azərbaycandan kənara addım atma". Qardaşım telefon danışığı zamanı şəhid olan astaralı general Nail Orucovun meyitini döyüşlər baş verdiyi an neytral zonadan çıxartdığını dedi. Kamrandan imkan tapıb neçə erməni hərbiçisi öldürdüyü də soruşdum. Dedi "Saydığımı artıq keçib. Əvvəl 43-nü saymışdım, sonrası yadımda deyil".
Telefon danışığımızdan 5 gün sonra Kamranın şəhid olduğu xəbərini aldıq. Kamran ölümündən sona Xocavəndin, Cəbrayılın, Suqovuşanın, Füzulinin azad olumasına görə və "Vətən uğrunda" medalı ilə təltif edilib. Hələ Hadrutun da azad edilməsinə görə qardaşıma medal veriləcəyi gözlənilir.
Kamran çox cəsur oğlan idi. Hətta şəhid xəbərindən sonra dayım gedib deyib ki, "Kamranın nəşin götürməyə gəlmişəm". Dayıma oradakı hərbçilər, döyüş yoldaşları deyiblər ki, "Kamran demə, biz onu cəngavər çağırırdıq".
Kamran Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Şuşanın azad olunmasına az qalıbmış. Səid Bayramov adlı döyüş yoldaşına əməliyyat tapşırığı verilib. Kamran onu qoymayıb ki, "Sənin evdə ailən var, körpə uşağın var, səni gözləyir. Mən gedəcəm". İki avtomatla düşmənə basqın edib. Kamran "Tənginəfəs oluram" deyib "bronejilet"ini çıxarıb. Çünki əlbəyaxa döyüş olub, gücləri çatmayıb. Neçə ermənini elə öldürüb. Düşmən Kamranı öldürmək üçün minomyot atıb, qəlpəsi ürəyinə dəyib. Başqa heç harasına heç nə olmamışdı, hər yeri sap-sağlam idi.
Qardaşımın şəhid xəbərindən 3 gün sonra Qələbə qazandığımız açıqlandı".
Təhməz Əsədov