Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 12:14
Bakı. Trend:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Azərbaycan 2020” adlı poçt markaları dövriyyəyə buraxılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, markalar 2020-ci ilin iki ən əhəmiyyətli hadisəsi - koronavirus pandemiyası və Vətən müharibəsinin əsas qəhrəmanlarına həsr olunub.
Birinci markada əsgər və həkimdən, ikinci markada isə dezinfeksiyaçı və minaaxtarandan ibarət fotokollajlar yerləşdirilib. Məqsəd həm pandemiya dövründə virusla mübarizədə, həm də 44 günlük Vətən müharibəsində şücaət göstərən həmvətənlərimizin adlarının markalar vasitəsilə tarixə yazılması, həmçinin onların bu hadisələrdə göstərdikləri fədakarlığın yerli və əcnəbi filatelistlər arasında təbliğ edilməsidir.
Buraxılışda fotoqraflar Roman İsmayılov, Əziz Kərimov və Tofiq Babayevin fotolarından istifadə olunub. Dizaynı “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış markalar Belarus Respublikasında hər vərəqdə 8 ədəd, 2 növ marka olmaqla hər növdən 50 min tirajla çap olunub.
Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.