Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 16:48
Bakı. Asif Mehman - Trend:
Ölkə Prezidenti tərəfindən müəyyən edilən iqtisadi inkişaf modeli çərçivəsində işğaldan azad olunmuş Qarabağ ərazilərində iqtisadiyyatın həmin modelin əsas prinsiplərinə əsaslanaraq Alternativ maliyyə kanallarının tətbiqi məsələsi bu günki tədbirin müzakirə mövzusu ola bilər.
Bu gün dünyanın 92 -dən artıq ölkəsində üç yüzdən çox İslam maliyyə institutu fəaliyyət göstərir və onların aktivləri 3.2 Trl. dollar, illik artım templəri isə 10-15% təşkil edir.
Qarabağdakı şirkətlər tərəfindən qoyulacaq investisiyalar üçün İslami maliyyələşdirmə alətlərinin seçilməsi ənənəvi maliyyənin yüksək xərclərindən və təzyiqlərindən xilas edəcək və investiyanın inkişafı üçün alternativ maliyyə mənbəyi təmin edəcəkdir. Bu çərçivədə Malayziya və Körfəz bölgəsindəki təcrübələri araşdırmaq və Qarabağ üçün uyğun infrastruktur və investisiya modellərini inkişaf etdirmək lazımdır. 40 illik islam Bankçılq təcrübəsinə sahib Türkiyə ilə bu sahədə iş birliyi ilə iki ölkə arasındakı qardaşlığı da gücləndirəcəkdir. UNEC –də fəaliyyət göstərən İslam maliyyə mərkəzi bu işə töhfə verməyə hazırdır.
İslam iqtisadiyyatına artan marağı qarşılamaq üçün son vaxtlar nüfuzlu konsaltinq şirkətləri və reytinq agentlikləri, tanınmış iqtisadçılar və yüksək səviyyəli siyasətçilər mediada bu mövzuda analitik yazılarla çıxışlar edirlər. Thomson Reuters və Dubay İslam İqtisadiyyatının İnkişaf Mərkəzi birgə “Salaam Gateway” (https://www.salaamgateway.com/) adlı bir qlobal informasiya mərkəzi fəaliyyət göstərir. Bu nəşrdə halal sənayesi, İslami maliyyələşdirmə və İslami həyat tərzində fəaliyyət göstərən şirkətlərin fəaliyyəti haqqında geniş məlumat bazaları yerləşdirilmişdir.
Biz, buna bənzər informasiya bazasını UNEC İslam Maliyyə mərkəzində qurmaq niyyətindəyiz.
Bu gün İslam iqtisadiyyatı Azərbaycan üçün hər zamankindən daha aktualdır. Qarabağ regionunda kapitaltutumlu iri meqa layihələrinin təminatı üçün alternativ maliyyə qaynaqlarına ehtiyac vardır. İslam iqtisadiyyatının potensialınından nə qədər tez istifadə etsək, sahibkarlarımız bundan bir o qədər tez faydalana bilərlər. Qarabağda açılan bu fürsətlərdən istifadə etmək zamanı gəlmişdir. Qarabağda bölgə sahibkarlarının İslam bazarına girmə imkanlarını genişləndirməklə, kiçik və orta sahibkarlığın inkişafına güclü təkan vermək olar. Qarabağda İslam iqtisadiyyatının əsas hərəkətverici qüvvələrinin qida və moda sənayesi olduğuna inanırıq. Fikrimizcə, İslami maliyyələşdirmə sektoru ilk öncə iki sektorun (qida və moda) inkişafına uyğunlaşır ki, bu da maliyyə məhsullarına tələbi stimullaşdıra bilər.
İslam iqtisadiyyatı və “ Halal” sənayenin mövcudluğu və əhəmiyyəti bütün dünyada tanınır. “ Halal” brendi Qarabağda qurulan qida müəssisələrinin əhəmiyyətli seqmentlərindən biri ola bilər. Bazar nöqteyi-nəzərindən “halal “ - şirkətlər üçün yeni bir sosial öhdəliklər və sosial məsuliyyət modelidir. Üstəlik, təkcə müsəlmanlar “ Halal” işarəsini yeni bir təhlükəsizlik, saflıq və keyfiyyət standartı kimi qəbul etmirlər. Xarici müştərilər daha çox “Halal” uyğunluq işarəsi ilə qeyd olunan bir məhsula etibar edirlər. Özəl və transmilli şirkətlər də bu fursətdən faydalanırlar. Qarabagda Halal standartların tətbiqi qida şirkətlərinə rəqabət üstünlüyü verər və ixrac imkanlarını artırmaqda yardımçı ola bilər. UNEC Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası Halal standartların tətbiqi çərçivəsində tədqiqatları ilə ciddi töhfə verməyə hazırdır. Halal məhsullarla məşğul olan tanınmış çoxmillətli şirkətlər arasında Nestle (İsveçrə), Baskin-Robbins, Metro, Kraft, Gerber, McDonald's, KFC, Cargill, Nema Food Company, Midamar (ABŞ), Tesco (UK), Alibaba –Çin, Namet Qida, Banvit-Türkiyə və.s şirkətləri Qarabağ bölgəsində fəaliyyət göstərməyə dəvət edə bilərik.
Transmilli şirkətlər General Electric və Goldman Sachs korporativ sukuk - İslam istiqrazları buraxırlar. Qarabagda fəaliyyət göstərən şirkətlər əlavə maliyyə mənbəyi kimi sukuk istiqrazlarının tətbiqindən yararlana bilərlər.
Çin, İtaliya, Türkiyə və Fransadakı moda sənayesi “islam və konservator” geyim moda çeşidinin genişləndirilməsinə mühüm töhfə verir. Türkiyə, Çin, İtaliya moda tekstil şirkətləri Qarabağ iqtisadiyyatının bərpası layihəsinə cəlb olunması məqsədəuygun olardı.
Moda sənayesi çərçivəsində “islam və konservator” sahələrin inkişafı ilə bağlı UNEC –də fəaliyyət göstərən Dizayn Məktəbi əməkdaşlığa hər an hazırdır.
Qarabağ bərpa iqtisadiyyatının alternativ beynəlxalq maliyyə investisiyalarına həm ehtiyacı var, həm də Qarabağ iqtisadiyyatı bir bazar kimi onlara çox cazibədar ola bilər. Ona görə də İslam maliyyəsinin imkanlarından işğaldan azad olunmuş Qarabağ ərazilərinin bərpasında istifadəsi zəruridir. Biz hesab edirik, bu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri arasında iqtisadi və maliyyə əlaqələrinin inkişafı üçün dayanıqlı platforma ola bilər. Azərbaycanda islam maliyyə modelinin tətbiqi, zəngin ərəb ölkələrindən, ilk növbədə də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətərdən, eləcə də digər müsəlman dövlətlərindən, o cümlədən Türkiyədən, hətta İrandan belə investorların cəlb edilməsi mümkün olacaq.
Əməkdaşlıq üçün beynəlxalq İslam təşkilatları (İİB və onun filialları, müxtəlif İslam fondları və özəl tərəfdaşlıqları) və inkişaf etmiş İslam iqtisadi ekosisteminə sahib olan ayrı-ayrı dövlətlər (Səudiyyə Ərəbistanı, Malayziya, BƏƏ və s.) var. Bu strukturlar hüquqi mühitin və fiziki infrastrukturun, İslamın və halal sənayenin tələblərinə uyğunlaşdırılmasına kömək edə bilər. Bu sahədə halal məhsul istehsalçılarını və ixracatçılarını dəstəkləyən və halal sertifikatlaşdırma üçün daxili prosedurları inkişaf etdirə bilən, habelə İslam iqtisadiyyatı və faydaları barədə ictimaiyyəti məlumatlandırmaq üçün daha çox tədbir keçirə bilən əlavə mütəxəssislərin təhsi almasına ehtiyac var.
Bu, prinsipial olaraq vacib bir amildir, çünki İslami maliyyələşdirmənin xüsusiyyətləri birbaşa qanunvericilik və icra orqanlarından asılı olan xüsusi bir hüquqi baza tələb edir və maliyyə institutlarının fəaliyyəti ilə bağlı bəzi qanunlarda dəyişikliklərin edilməsini zəruri edir.
Azərbaycanda Alternativ maliyyə mənbələrindən istifadə üçün hüquqi bazaya ehtiyac var: "Mudaraba" mexanizmi, "müşarak" mexanizminə, "sukuk" İslam istiqrazları, İcara mexanizmlərinin tətbiqi günün tələbidir. Qarabağın bərpasında iştirak etmək istəyən İslam maliyyə təşkilatları bu mexanizmlərdən istifadə edə bilmir.
Bundan başqa, Alternativ maliyyə modelinin İnkişafına dair Yol Xəritəsi hazırlana bilər. Bu proqramda qanunvericilik, iqtisadi təhsil, alternativ maliyyə xidmətlərindən istifadənin genişləndirməsi məsələləri əks oluna bilər. Bu sahələrin inkişafı ilə bağlı UNEC –də fəaliyyət göstərən İslam maliyyə mərkəzi tədqiqatları ilə ciddi töhfə verməyə hazırdır.
Bu çərçivədə aparılması təklif edilən işlər bunlardır:
Azərbaycan, Türkiyə və digər İslam ölkələrinin akademik dairələri ilə birlikdə işçi qrubu təsis etmək; Qarabağın bərbası və inkişafı kontekstində “Qarabağ iqtisadiyyatının inkişafında Alternativ maliyyə modeli: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans təşkil etmək və bir SWOT analizi hazırlamaq; Qarabağda həyata keçiriləcək İslami maliyyələşdirmə layihələrinin seçilməsi və həyata keçirilməsi üçün layihələrin hazırlanması; İslam maliyyə savadlılığının artırılması üçün şirkət və təşkilatlara təlimlərin verilməsi.
İnanıram ki, Azərbaycan iqtisadiyyatı Qarabağla birgə daha böyük uğurlara imza atacaq!
İqtisad elmləri doktoru, Prof. Zahid Fərrux Məmmədov (RF, TC,AR)
UNEC İslam Maliyyə Mərkəzinin direktoru
Trend