Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 12:18
"Əgər şəhid olsam başınızı dik tutun, şəhidlik hər kəsə nəsib olmur" dedi. Üç qız övladını həyat yoldaşına əmanət etdi və vətən uğrunda şəhid olmağı seçdi. Bu gözündə qorxu olmayan, düşmənlə təkbətək qalıb onu məhv edən xüsusi təyinatlı şəhidimiz Elvin Kərimovdur.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, o, Vətən uğrunda ölməyi özünə şərəf bildi. Unudulmaz qəhrəmanlıq yolu keçən igidlərimizdən idi Elvin Kərimov. Biləsuvarın Çaylı kəndində anadan olan Xüsusi təyinatlı Elvinin şəhadət yolu Aprel döyüşlərindən başlayıb. Hələ o zamanlar döyüşlərin tez başa çatmasına heyfslənən Elvin Qarabağ müharibəsinin başlanmasını səbirsizliklə gözləyirmiş. Çünki torpaqlarımızın işğaldan azad edilməsi onun ən böyük arzusu olub.
Vətən müharibəsində Elvinin döyüş yolu Suqovuşan istiqamətində başa çatır. O, Oktyabrın 10-da Suqovuşanın azad edilməsi uğrunda gedən döyüş zamanı yaxınlığına düşən tank əleyhinə minanın partlaması nəticəsində qəhrəmancasına şəhid olur.
Qardaşı Niyaz deyir ki, Elvinin gözündə qorxu yox idi. Döyüş yoldaşları onun cəngavərliyindən ağız dolusu danışırlar.
Bu gün eyni zamanda şəhidimizin valideynlərinin il dönümüdür. Həyat yoldaşı deyir ki, valideynlərimizin itkisini Elvinin şəhid olduğu gün daha çox hiss elədim. ''Onun ana laylası duymadan dəfn olunması məni çox üzdü'' - deyə o əlavə edib. Xüsusi təyinatlımız müharibəyə gedərkən həyat yoldaşına və üç qızına bir vəsiyyət edib. "Əgər şəhid olsam başınızı dik tutun" deyib. Onlar indi atalarının yoxluğuna üzülsələr də, onun vəsiyyətinə əməl etmək üçün hər kəsin qarşısında məğrur duruşları ilə seçilirlər. Axı onlar qəhrəman, şəhid atanın övladlarıdır.
Qəhrəmanımız ölümündən sonra ''İgidliyə görə'', ''Suqovuşanın azad olunmasına'' və ''Laçının azad olunmasına'' görə medalları ilə təltif edilib