Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 23:21
"Virusun yeni ştammında müəyyən dəyişikliklər ortaya çıxacaq. Yeni virus ştammı sayəsində xəstəliyin klinikası da fərqli gedə, immun sistemimiz bunlara fərqli cavab verə bilər. Bunların heç biri indi bəlli deyil, amma zaman bunları göstərəcək. İndi qorunma tədbirlərinə ikiqat artıq riayət etmək lazımdır. Virus daha sürətlə yayıldığı üçün sosial məsafə prinsiplərinə daha ciddi riayət etmək tövsiyə olunur. Məsələn, 1,5-2 metr deyil, imkan olduqca daha çox məsafə saxlamaq məsləhət görülür".
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev məlumat verib.
Professor bildirib ki, yeni ştamm sürətlə bir neçə ölkədə yayılmağa başlayıb və böyük panikaya səbəb olub:
"Son vaxtlar koronavirusun yeni, daha virulent forması ortaya çıxıb. Yeni ştamm əvvəlkindən 70 faiz daha çox sürətlə yayılır. Mutasiya virusun genetik quruluşunda baş verən geriyə dönməyən dəyişiklikdir. Mutasiya nəticədə virusun genlərə cavabdeh olan proteinlərində, yəni onun zülallarında və çox bildiyimiz spayk proteinində dəyişiklik ortaya çıxır. Əslində bu virus ortaya çıxandan sonra onun ən azı 4 minə yaxın mutasiyası baş verib. Bu mutasiyalar içərisində ən diqqətçəkəni onun yayılma dərəcəsinin daha da artmasıdır. Virusun genomundakı dəyişiklik onun üzərindəki tikan formasındakı spayk proteinlərin quruluşunda dəyişikliyə səbəb olur. Orada təxminən 1255-ə yaxın amin turşusu var. Gendə baş verən dəyişiklik aminositlərin də düzülüşündə fərqlilik yaradır. Belə hesab olunur ki, mutasiyaya uğramış virusun üzərindəki spayk proteini orqanizmə daxil olduqdan sonra tənəffüs sistemində olan endotel hüceyrələri ilə daha sıx bağlanır. Sıx bağlanma nəticəsində hüceyrələrin içərisinə asanlıqla daxil olur. Nəticədə daha çox - 70 faizə yaxın virus orqanizmə daxil ola bilir. Vücuda az virus daxil olsa belə onların orqanizmi yoluxdurma dərəcəsi daha yüksək olur".
A.Allahverdiyevin sözlərinə görə, COVID-19-a yoluxub sağalan insanların bəzilərinin orqanizmlərində ona qarşı anticisimlər yaranır. Həmin anticisimlər koronavirusun mutasiyadan öncəki formasına qarşı daha təsirli olsa da, yeni ştammı əvvəlki qədər əngəlləməyə bilər:
"Koronavirusa qarşı müxtəlif peyvəndlər hazırlanıb. Bu vaksinlərin virusun yeni ştammına qarşı nə dərəcədə effektiv olması onların hansı üsulla istehsal olunmasından asılıdır. Son vaxtlar molekulyar bioloji və biotexnoloji üsullar əsasında hazırlanan vaksinlərdə bu baxımdan narahatlıq ola bilər. Effektivliyi 95 faiz qiymətləndirilən vaksinlərin təsiretmə faizinin müəyyən qədər düşəcəyi gözlənilir. Tədqiqatlar nəticəsində köhnə, yəni mutasiyadan əvvəlki vaksinlərin əmələ gətirdiyi anticisimlərin yeni ştammı nə qədər əngəlləyə biləcəyini qısa müddət ərzində öyrənmək olar. Əgər peyvənddən yeni ştamma qarşı istənilən nəticə əldə olunmazsa, vaksinlə bağlı araşdırmalar yenidən başlaya bilər".