Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağın statusu məsələsi tamamilə tarixə qovuşdu'' - Politoloq

''Qarabağın statusu məsələsi tamamilə tarixə qovuşdu'' - Politoloq

Tarix: 12 Yanvar 2021 13:48

Moskva toplantısı 10 noyabr bəyanatının daha da möhkəmləndirilməsinə xidmət edən görüş kimi yadda qaldı.

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, Moskva görüşü Ermənistanın növbəti məğlubiyyəti kimi yadda qaldı:

"Tərəflər bu bəyanatdan irəli gələn öhdəliklərin tam şəkildə icra olunması barədə razılıqlarını ifadə etdilər. Əlbəttə, bu, xüsusən Azərbaycanın növbəti siyasi qələbəsi, bəyanatın müddəalarına yenidən baxmağı təklif edən Ermənistanın isə növbəti məğlubiyyəti kimi dəyərləndirilməlidir.

Görüşün əsas nəticəsi isə ondan ibarətdir ki, regionda nəqliyyat-kommunikasiya xətləri tezliklə bərpa olunacaq. Bu da o deməkdir ki, Naxçıvanla birbaşa quru dəhlizinin yaranması artıq reallaşmaq ərəfəsindədir. Bundan başqa, Ermənistanın da Azərbaycan vasitəsilə Rusiya və İranla dəmiryol rabitəsi yaradılacaq. Regionun gələcək inkişafı və təhlükəsizliyi baxımından kommunikasiya xətlərinin bərpası çox önəmlidir. Bu proses həm də Ermənistanın gələcəkdə Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün əlavə imkanlar yarada bilər".

C.Əhmədli qeyd edib ki, Paşinyan məyus halda status məsələsinin öz həllini tapmamasından şikayətləndi:

"Ermənistan baş nazirinin şikayətlənməsindən belə çıxdı ki, Azərbaycan tərəfi Xocavənddə diversiya hücumu təşkil edən erməni silahlılarının geri qaytarılmasına razılaşmayıb. Belə də olmalı idi, çünki onlar hərbi əsir yox, terrorçulardır. Azərbaycan dövlətinin bu məsələdə sərt mövqe ortaya qoyması gələcəkdə Qarabağdakı erməniləri analoji təxribatlara əl atmasından çəkindirəcək.

Paşinyan məyus halda status məsələsinin öz həllini tapmamasından şikayətləndi. Ümumiyyətlə, Rusiya və Azərbaycan Prezidentlərinin kifayət qədər nikbin açıqlamalarından belə nəticə çıxır ki, status məsələsi tamamilə tarixə qovuşub. Hesab edirəm ki, Paşinyanın mətbuat konfransında status və hərbi əsirlərlə bağlı məsələni dilə gətirməsi Ermənistanda onu gözləyən təzyiqlərdən yaxa qurtarmaq məqsədi daşıyır. Paşinyan sanki müxalifətə belə bir mesaj çatdırır ki, "mən söz verdiyim kimi hər iki məsələni qaldırdım, lakin arzu etdiyimiz nəticəni ala bilmədik"".

Təhməz Əsədov


Etiketlər:  Qarabağın statusu məsələsi tamamilə tarixə qovuşdu Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ