Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 16:18
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsində iştirak edən hərbi qulluqçularımıza tibbi xidmət göstərmiş bir qrup həkimlə görüş keçirib. Ombudsman Aparatında keçirilən görüşdə fədakar həkimlərimiz Mahir Əliyev, Elnarə Salmanlı, Adil Cümşüdov, Vüqar Ələkbərov və Sevinc Təbrizli iştirak ediblər.
Ombudsman Aparatından Sonxeber.net-a bildirilib ki, Ombudsman Səbinə Əliyeva həkimlər və tibb işçilərinin Vətən müharibəsi zamanı yaralanmış hərbi qulluqçulara göstərdiyi tibbi xidmətlər və qayğıya görə onlara təşəkkür edib. Hərbi qulluqçularımızın həyat və sağlamlığının qorunması, reabilitasiyası, psixoloji vəziyyətlərinin yaxşılaşmasında onların xüsusi rolu olduğu vurğulanıb. Ombudsman, həmçinin könüllü olaraq döyüş bölgəsində xidmət etmiş, şəhid olmuş və yaralanmış tibb işçilərimizin xüsusi fədakarlığından söz açıb.
Səbinə Əliyeva Ombudsman təsisatının Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində 44 günlük müharibə dövründə, eləcə də hazırda həyata keçirdiyi fəaliyyət, habelə yaralanmış və əsirlikdən qaytarılmış hərbi qulluqçularla görüşləri haqqında məlumat verib.
Görüşdə iştirak edən həkimlər Vətən müharibəsi dövründə həyata keçirdikləri peşə fəaliyyətləri, tibbi əməliyyatlar zamanı istifadə olunan müasir avadanlıqlar və hərbi qulluqçularımızın qəhrəmanlıqları haqqında danışıblar. Görüşdə ölkə Ombudsmanı tərəfindən həkimlərin müraciətləri dinlənilib.
Sonda həkimlərə fəxri fərmanlar təqdim olunub və onlar göstərilən diqqətə görə Ombudsmana təşəkkür ediblər.