Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 12:20
Cəsur əkiz topçular. Biləsuvarda hər kəs onları belə çağırır. Həsənağa və Qalib adlı əkizlər vətən müharibəsinə könüllü qatılıblar. Komandirləri əkizləri bir-birindən ayırmayıb və onlar döyüşlərdə çiyin-çiyinə vuruşublar. Vətən üçün savaşda bir-birinə arxa-dayaq olub və hər çətin əməliyyatda da bu bağlılıqdan güc alıblar. Vətən müharibəsində göstərdikləri şücaətə görə əkiz igidlər 10 medalla təltif edilib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, onlar bayraqlar və alqışlarla qarşılandılar.
Söhbət vətən müharibəsində iştirak edərək, şərəfli bir döyüş yolu keçən Həsənağa və Qalib Bağırlı qardaşlarından gedir.
Müharibənin ilk günlərindən könüllü olaraq ordu sıralarına yazılan əkiz qardaşların döyüş yolu Füzulidən başlayıb. Çiyin-çiyinə döyüşən topçu qardaşlar 44 gün yorulmadan düşmənə göz açmağa imkan verməyiblər.
Əkiz qardaşlardan biri Qalib deyir ki, mövqeləri yanaşı olduğundan döyüş zamanı Həsənağanı qorumağa çalışırmış. Şiddətli döyüşlərin birində komandirlərinin köməyi sayəsində ölümdən qurtula biliblər.
Əkiz döyüşçülərin anası Elnara Məmmədova deyir ki, müharibəyə könüllü getmək təklifi Qalibdən gəlib. Qardaşını tək qoymayan Həsənağa da onunla birlikdə cəbhəyə yollanıb. Ananın sözlərinə görə qardaşların əkiz olduğunu görən komandirlər onları bir-birindən ayırmayıblar.
Döyüşlərdə göstərdikləri şücaətə görə Bağırlı qardaşlarının hər biri 5 medalla təltif edilib.