Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 16:30
2021-ci ilin 14 yanvar tarixində Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov və Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında görüş baş tutub.
Nazirlər Azərbaycanı işğal edilmiş ərazilərinin azad olunması münasibətilə təbriklərini ifadə edən Pakistan naziri ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinin hər zaman dəstəklədiyini vurğulayıb.
Nazir Ceyhun Bayramov Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu və Vətən müharibəsi dövründə Pakistan tərəfindən bütün səviyyələrdə, xüsusilə də Pakistan xalqı tərəfindən nümayiş etdirilən birmənalı dəstəyi məmnunluqla qeyd edib.
İki ölkə arasında mövcud olan tarixi və mədəni əlaqələri vurğulayan tərəflər, inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək məsələlərini müzakirə etdilər.
Azərbaycan və Pakistan arasında yüksək səviyyəli səfər mübadilələrinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyi bildirildi.
Görüş zamanı, həmçinin ölkələr arasında ticarət, iqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm və digər kimi sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı. İnsanlararası əlaqələr, habelə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edildi, ADA Universiteti ilə Pakistanın Xarici Xidmət Akademiyası arasında münasibətlərin inkişaf etdirilməsi vurğulandı.
Tərəflər görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Görüşdən sonra nazirlər "Azərbaycan Respublikası Höküməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında saziş" imzaladılar.