Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 17:33
Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları Suqovuşan su anbarına, magistral kanala, Sol Sahil və Xanarx kanallarına baxış keçiriblər.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun Trend-ə verdiyi məlumata görə, Tərtər çayı hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə işlərinə başlanılıb. Kanalların yenidən qurulması Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamına əsasən həyata keçiriləcək.
Tərtər rayonunun Suqovuşan kəndi ərazisində Tərtər çayı üzərində yerləşən Suqovuşan su anbarının ümumi həcmi 5,86 milyon kubmetrdir. Tərtər və Turağayçay çaylarından daxil olan sular işğaldan əvvəl su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, kanalın 5,2 kilometrdən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi. Suqovuşan su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının, ümumilikdə, 96 min 217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Azərbaycan Ordusu tərəfindən Suqovuşan kəndinin azad edilməsi ilə bu ərazilərin su təminatındakı çətinliklər aradan qaldırılacaq.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov bildirib ki, Suqovuşan su anbarından ayrılan Sol Sahil magistral kanalı hazırda bərbad vəziyyətdədir:
"Kanalın bir çox yerləri dağıdılıb, ondan istehkam məqsədilə istifadə edilib. Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin layihə institutu tərəfindən layihə-smeta işləri həyata keçirilir. Qısa müddət ərzində Tərtər Sol Sahil kanalı bərpa ediləcək. Təsərrüfatların su təminatı yaxşılaşacaq".