Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 12:48
Energetika naziri Pərviz Şahbazov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vadanı qəbul edib.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları, həmçinin müvafiq sahələr üzrə təcrübə və məlumat mübadiləsi məsələləri müzakirə edilib.
Səfir Azərbaycan torpaqlarının erməni işğalından azad olunması, ərazi bütövlüyünün bərpasının ölkəmizin gələcək inkişafı üçün əhəmiyyətini vurğulayıb və azad edilmiş ərazilərimizdə elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində Yaponiya şirkətlərinin iştirakda maraqlı olduğunu bildirib.
Nazir Yaponiyanın dövlət qurumları və maliyyə təşkilatları ilə enerji sektorunda sıx əməkdaşlıq əlaqələrinin olduğunu, bu sahədə Yaponiya şirkətlərinin ölkəmizdə bir sıra uğurlu layihələr həyata keçirdiyini qeyd edib. İşğaldan azad olunmuş ərazilərin bərpası və yaşıl enerji zonasının yaradılması planları, həmçinin bu ərazilərin bərpa olunan enerji potensialı haqqında məlumat verib.
Daha sonra qeyd edilmiş sahələr üzrə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir iki ölkə arasında energetika sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.