Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 16:06
Bakı. Trend:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları Koronavirus pandemiyası və Vətən müharibəsi dövründə daim dövlətimizin yanında olmuş, milli həmrəylik nümayiş etdirmiş, Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə və onların ailələrinə diqqət və qayğı göstərilməsini başlıca istiqamətə çevirmiş, Ali Baş Komandanımızın bütün addımlarını dəstəkləmişdir.
AHİK və onun üzv təşkilatları tərəfindən pandemiya dövründə ümumilikdə 6.065.988 manat məbləğində maddi və ərzaq yardımları göstərilmişdir. O cümlədən, AHİK Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 110 min manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyin hesabına 205 min manat vəsait köçürmüş, 54.328 aztəminatlı ailəyə 1.517.825 manatlıq yardım etmiş, 76 şəhər və rayonda yaşayan 3900 ailəyə 68 ton ərzaq sovqatları paylamışdır. Yaşı 65-dən çox olan 45.919 nəfər ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 3.152.625 manat məbləğində maddi yardım göstərilmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 936.628 manatlıq qoruyucu vasitələr paylanmışdır. Həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ümumilikdə 458.920 manat vəsait köçürmüşlər.
AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi dövründə 3 milyon 424 min 312 manat xərclənmişdir. O cümlədən, AHİK İcraiyyə Komitəsinin 5 oktyabr tarixli qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 350 min manat ianə edilmiş, İcraiyyə Komitəsinin digər qərarı ilə Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 150 min manat köçürülmüşdür.
Sahə həmkarlar ittifaqları tərəfindən 1.380.687 manatlıq maddi yardım göstərilmiş, Silahlı Qüvvələrə Yardım Fonduna 1.005.875 manat vəsait köçürülmüş, “Yaşat” Fonduna 537.750 manat ianə edilmişdir.
AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə, aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatı verilməsi məqsədilə “Regional İnkişaf” İctimai Birliyinin hesabına 500 min manat vəsait köçürülmüşdür.
Ümumilikdə, AHİK və onun üzv təşkilarları tərəfindən Pandemiya və Vətən müharibəsi dövründə 10 milyon manata yaxın vəsait xərclənmişdir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə "Qarabağ Dirçəliş Fondu” yaradılmışdır.
AHİK-in İcraiyyə Komitəsinin 19 yanvar 2021-ci il tarixli qərarı ilə “Qarabağ Dirçəliş Fondu”na 100 min manat məbləğində vəsait köçürülmüşdür.