Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2019 13:22
Bakı. Samir Əli - Trend:
Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub və qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda 2019-cu ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
Vurğulanıb ki, 2018-ci ilin birinci yarısı ilə müqayisədə 2019-cu ilin birinci yarımilində qeydə alınmış xüsusilə ağır cinayətlər üç dəfə, qəsdən adam öldürmə cinayətləri 50 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 50 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 29,3 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 7,7 faiz azalıb.
Xüsusi qeyd olunub ki, artıq bir neçə ildir hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərk etmə cinayət hadisəsi hesabat dövrlərində qeydə alınmayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin