Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan beynəlxalq miqyasda koronavirusla bağlı tədbirlərin dəstəklənməsinə nə qədər vəsait ayırıb?

Azərbaycan beynəlxalq miqyasda koronavirusla bağlı tədbirlərin dəstəklənməsinə nə qədər vəsait ayırıb?

Tarix: 10 Fevral 2021 18:24

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 1985,6 mln. manat vəsait istifadə olunub.

Bu barədə Sonxeber.net-a Maliyyə Nazirliyindən məlumat verilib.

Həmin vəsaitdən 612,5 mln. manatı koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vasitələrinin alınmasına, çarpayı fondunun artırılması və ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə yönəldilmişdir. Bununla yanaşı, qlobal pandemiya ilə bağlı dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1334,1 mln. manat vəsait sərf olunub.

Qeyd olunan vəsait hesabına pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə özəl sektorda çalışan 243 min nəfərdən çox işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, 107 mindən çox fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi, sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, sahibkarlığın inkişafına əlavə dövlət dəstəyinin göstərilməsi, xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına uyğun olaraq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi, əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə əlavə ödənişli ictimai iş yerlərinin yaradılması, həyati vacib sərnişindaşıma və digər sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslərə maliyyə dəstəyinin verilməsi, güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırılması, respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin ödənilməsi, əhaliyə güzəştli işıq limitinin 2020-ci ilin aprel-may aylarında 100 kvts. həcmində artırılması ilə bağlı xərclər maliyyələşdirilmişdir. 2020-ci il ərzində koronavirus (COVID-19) pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi məqsədilə 39,3 mln. manat məbləğində, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 17,0 mln. manat, UNESCO və İCESCO təşkilatlarına 3,4 mln. manat və 18 xarici ölkəyə 18,9 mln. manat beynəlxalq yardımlar göstərilib.

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri üçün 143,9 mln. manat vəsait yönəldilmişdir. Həmin vəsaitin 72,9 mln. manatı vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi məqsədilə sosial mənzillərin tikintisinə, 71,0 mln. manatı isə ipoteka layihələrinin maliyyələşdirilməsinə sərf edilib.


Etiketlər:  Azərbaycan beynəlxalq miqyasda koronavirusla bağlı tədbirlərin dəstəklənməsinə qədər vəsait ayırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ