Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rauf Hacıyev: “Region ölkələrinin heç birində “Baron” şirkətinin istehsal etdiyi radar sistemi yoxdur”

Rauf Hacıyev: “Region ölkələrinin heç birində “Baron” şirkətinin istehsal etdiyi radar sistemi yoxdur”

Tarix: 13 Fevral 2021 20:34

Şamaxı və Göygöldə radarların əlverişli yerləşdirilməsi real vaxt rejimində hava üzərində fasiləsiz müşahidələrin aparılmasına imkan verəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev deyib.

Onun sözlərinə görə, meteoradarlardan istifadə Azərbaycanın regionlarında hava üzərində fasiləsiz müşahidələrin aparılmasına imkan yaradacaq:

"Meteoroloji radarlar vahid milli hidrometeoroloji sistemin qurulmasında əsas mərhələdir. Radarların seçilməsi və onların yerlərinin müəyyənləşdirilməsində Azərbaycanın dağlıq ərazilərə malik olduğu nəzərə alınıb, keyfiyyətli əkslərin alınması üçün daha optimal variantlar tədqiq edilib. Şamaxı və Göygöldə radarların əlverişli yerləşdirilməsi real vaxt rejimində hava üzərində fasiləsiz müşahidələrin aparılmasına imkan verəcək".

Radarların keçirilən açıq tender nəticəsində ABŞ-ın meteoroloji radarların istehsalçısı olan dünya şöhrətli "Baron" şirkətindən seçildiyini vurğulayan nazir müavini bu avadanlıqla işləyə bilən mütəxəssislərin artıq hazırlandığını da bildirib:

"Baron"un istehsal etdiyi Gen3 350C DP radarları Lynx təminat proqramları ilə birgə dünya bazarında qabaqcıl texnologiya hesab edilməklə, ABŞ, Kanada və bir sıra digər ölkədə istismar edilir. Təkcə ABŞ-da "Baron" şirkətinin istehsal etdiyi 171 ədəd radar quraşdırılıb.

Milli hidrometeorologiya xidmətinin mütəxəssisləri ABŞ-ın Alabama ştatının Xantsvill şəhərindəki istehsalçıların yanında 2 həftəlik təlim keçiblər. Bundan əlavə, bizim mütəxəssislər radarların quraşdırıldığı yerdə və Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemdə 20 günlük təlim keçəcəklər. Təlimlər ABŞ mütəxəssisləri tərəfindən keçiriləcək. Bizim region ölkələrindən heç birində "Baron" şirkətinin istehsal etdiyi radar sistemi yoxdur".

Bu istiqamətdə gələcək planlar barədə isə Rauf Hacıyev bu fikirləri səsləndirib:

"İnteqrasiyalı milli hidrometeoroloji sistemin işlənilməsi üçün növbəti addım kimi radiolakasiya məlumatlarından daha yaxşı istifadə etməklə maksimum faydalanmaq və əhali arasında bu məlumatların yayılmasına nail olmaq üçün texnologiyaların alınması və öyrənilməsi növbəti addım hesab edilir. Bu texnologiyalar məlumatlar və proqnozlar mərkəzinin yaradılmasında istifadə olunacaq (Situasiya mərkəzi). Yeni mərkəz müasir avadanlıqlarla təmin olunacaq, gələcəkdə isə yeni radarlardan alınan məlumatlardan maksimum yaralanmaq üçün təhlil sistemləri və proqnozun modelləşdirilməsi ilə məşğul olacaq.

Situasiya mərkəzi Milli Hidrometeorologiya Xidmətindən verilən proqnoz və xəbərdarlıqlar barədə məlumatların keyfiyyətini yaxşılaşdıracaq, texniki və proqnoz üzrə personal isə yeni sistemdən müstəqil istifadə və ona xidmət etməyi öyrənəcək".

Milli.Az


Etiketlər:  Rauf Hacıyev Region ölkələrinin heç birində Baron şirkətinin istehsal etdiyi radar sistemi yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ