Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 10:40
Son günlər uşaqlar arasında postkoronavirus ağırlaşma kimi MİS-C adlandırılan bir sindromu və kavasaki sindromuna rast gəlməsinin tezləşməsi özünü büruzə verir.
Bunu Sonxeber.net-a açıqlamasında pediatr Sahib Cəfərov deyib.
O bildirib ki, son günlər uşaqlarda müşahidə edilən 39-40 dərəcəyə qədər yüksək hərarət, baş ağrısı, qarında ağrılar, ishal, bəzən qusma, dərinin müxtəlif nahiyələrdə səpkilər MİS-C adlandırılan sindromun əlamətləri ola bilər:
"Bu, çox ağır gedişli, immun sistemin ağır basqısı, poliorqan çatışmazlığı ilə müşayiət olunan septik vəziyyətdir. Xəstəlik, əsasən koronavirus xəstəliyini ya keçirib sağalmış və ya son 6 həftə ərzində COVİD xəstəsi ilə kontaktda olmuş şəxslər arasında müşahidə olnur. Dayanıqlı yüksək hərarət 39-40 dərəcəyə qədər, baş ağrısı, qarında ağrılar, ishal, bəzən qusma, konyuktivit, adenopatiya, dəridə müxtəlif nahiyələrdə urtikar, övrəyəbənzər səpkilər şəklində başlayır. Qanın ümumi müayinəsində ilk günlər virus infeksiyası üçün xarakter hesab ediləcək əlamətlər olsa da, hətta adi qaydalara uyğun aparılan müalicə fonunda belə xəstənin vəziyyəti ağırlaşmaqda davam edir, intoksikasiya, toksikoz əlamətləri, ürək-damar çatımazlığı əlamətlərinin artması, bəzən meningeal əlamətlər, qıcolmalar baş verə bilir, qanda yüksək leykositoz, neytrofilyoz, trombositopeniya qeyd olunur, eritrositlərin çökmə sürəti 80-100mm/saata qədər artır.
Diqqət çəkəcək məqam, biokimyəvi müayinələrdə qeyri-spesifik iltihab zülalları - CRP-nin, ferritinin LDH-ın çox yüksək artışı, koaquloqrammada ciddi pozuntular, xüsusən D-dimerin dəfələrlə artmasıdır. Müalicəsində venadaxili immunoqlobulin (1-2 q/kq), antibakterial terapiya, ağırlıq dərəcəsindən asılı olaraq metilprednizolon 2-5 mq/kq, bəzən daha artıq, kiçik molekullu heparınterapiya və lazım gələrsə, 5 mq/kq dan 100 mq/kq-a qədər aspirin, mədə qoruyucuları (famotidin, lansoprazol, esmoprazol və s.) dezintoksikasion, infuzion terapiya və digər simptomatik müalicə tədbirləri görülür. Bütün bunları deməkdə məqsədim kolleqaların diqqətini bu problemə cəmləmək, vaxt itirmədən ciddi şəkildə müalicəsi üçün uyğun şəraiti və laborator, instrumental imkanları olan klinikaya yönləndirilməsini təşkil etməkdir. Əks halda vəziyyət tezliklə geriyədönməz hal ala bilər. Ehtiyatlı və diqqətli olmaq lazımdır".
Təhməz Əsədov