Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gözətrafı sahələrin dərisinə qulluq edilməsi

Gözətrafı sahələrin dərisinə qulluq edilməsi

Tarix: 2 Mart 2021 08:18

Göz ətrafının dərisi nazik, həssas və ən zəif yerdir. Əlbəttə ki, strukturu digər sahələrdə olan dəridən fərqlənməsə də, göz qapaqları dərisinin altında praktiki olaraq əzələ və piy toxuması yoxdur.

Məhz buna görə o daha çox gərilmə qabiliyyətinə malikdir. Bundan savayı, gözətrafı sahənin dərisi gün ərzində daimi olaraq yüklənmiş olur - mimiki hərəkətlər, gözlərin qırpılması. Buna görə də ilk dəri qırışları məhz bu sahədə yaranmış olur.

Üzün digər sahələri kimi, gözətrafı sahələrdə də dəri qırışlarının yaranmasının qarşısını tam şəkildə almaq mümkün deyil. Çünki bu, dərinin təbii qocalma prosesidir. Ancaq dərinin cavanlığını və təravətliliyini daha uzun müddət ərzində saxlamaq mümkündür. Göz ətrafında erkən dəri qırışlarının yaranmasında irsi amil, qadınların bir sıra xəstəlikləri (allergiya, ürək, böyrək, endokrin sistemi xəstəlikləri və s.), günəş şüaları, siqaret çəkilməsi, streslər, yuxusuzluq və s. bu kimi faktorlar əsas rol oynayır. Gözətrafı sahənin dərisi heç də ona həddən artıq aktiv şəkildə təsir göstərilməsini "sevmir". Ona görə də gözlərinizi ovuşdurmayın və ümumiyyətlə, müvafiq vacib tələbat olmadan bu sahəyə (ümumiyyətlə, üz nahiyəsinə) toxunmayın. Gözətrafı sahənin dərisində erkən qırışların əmələ gəlməsi səbəblərindən biri də gözlərin daha çox yüklənməsi ilə əlaqəli iş şəraitinin (kompüterdə işləmək, kargüzarlıq və s.) olmasıdır.

Gözətrafı sahələrin dərisində erkən qırışların əmələ gəlməsinin əsas səbəblərindən biri - bu sahənin dərisinə ya heç bir qulluq edilməməsi, ya da pis qulluq edilməsidir. Gözətrafı sahələrin kifayət qədər nəmlilik almayan dərisi tezliklə öz möhkəmliyini və elastikliyini itirərək daha çox quru olur, asanlıqla dartıldığı üçün üzərində qırışlar əmələ gəlməyə başlayır. Buna görə də gözətrafı sahələrin dərisində erkən qırışların əmələ gəlməsinin qarşısını almaq üçün, həmin sahənin dərisinə artıq cavan yaşlarından etibarən qulluq etmək tələb olunur. Bu məqsədlə, məhz gözətrafı sahələrin dərisi üçün nəzərdə tutulan yüngül nəmləndirici gel və kremlərdən istifadə edilməsi tövsiyə olunur. 25 yaşınadək, hətta daha yaxşı olar ki, 30 yaşınadək (əgər sizin gözətrafı sahələrdəki dəriniz çox pis vəziyyətdə deyilsə) yaş əleyhinə olan vasitələrdən istifadə edilməsi məsləhət görülmür.

Dərini dartmadan gözətrafı sahələrə gel və kremin düzgün çəkilməsinin də böyük əhəmiyyəti vardır. Kosmetik vasitə az miqdarda olmaqla, adsız barmaqla gözün kənar küncündən daxili küncünə doğru çəkilir. Onu dəriyə yaxmaq yox, adsız barmaqların yastıqçaları ilə sanki dəriyə yüngülcə vurmaq, daha sonra isə gözləri bir neçə dəfə qırpmaq lazımdır. Bu zaman krem öz-özünə qapaq səthi üzrə bərabər səviyyədə yayılacaqdır. Yaş əleyhinə effekti olan kremlər gözətrafı sahələrin dərisinə ancaq axşam saatlarında dəri ilkin olaraq çirklənmədən və makiyajdan təmizləndikdən sonra, yatmamışdan 2 saat əvvəl çəkilir. Çəkilmiş kremi səhərədək dəridə saxlamayın - səhər gözlərinizin altında şişkinlik yarana bilər! Dəriyə çəkildikdən 30 dəqiqə sonra kremin qalıqlarını pampıq disk və ya yumşaq salfetlə yüngül qurutma toxunuşları ilə mütləq xaric etmək lazımdır.

Yüngül nəmləndirici kremlər gözətrafı sahələrin dərisinə səhər saatlarında - dərinin səhər təmizlənməsindən sonra çəkilir. Bunun üçün ancaq bu sahə üçün nəzərdə tutulmuş kremlərdən istifadə etmək lazımdır. Yalnız bundan sonra dəriyə kosmetika da çəkmək olar.

Gözətrafı sahələrə heç bir halda, hətta ən qiymətli və effektli hesab edilən üz kremlərini çəkmək olmaz! Bu kremlər həmin sahəyə yalnız zərər verərək dərinin qırışmasına səbəb ola bilər.

Əgər siz hər gün gözətrafı sahələrə makiyaj edirsinizsə, onu necə etdiyinizə də fikir vermək lazımdır. Makiyajı edərkən gözlərinizi çox qıymayın, qapaq dərisi isə mümkün qədər sərbəstləşmiş şəkildə olmalıdır. Özünüzü buna öyrəşdirməyə çalışın. Kosmetik vasitələri göz qapağı dərisinə yalnız yüngül hərəkətlərlə və onun dartılmasına yol verməyərək sürtmək lazımdır.

Yatmamışdan qabaq mütləq gözətrafı və kirpiklər sahəsindən makiyajı təmizləmək lazımdır! Bu, gözətrafı incə sahədə erkən qırışların əmələ gəlməməsi üçün vacib hesab edilən şərtlərdən biridir. Göz sahəsindəki makiyajı xaric etmək üçün, məhz bu sahə üçün nəzərdə tutulmuş təmizləyici vasitədən istifadə edin (heç bir halda üz makiyajının silinməsi üçün nəzərdə tutulan kosmetik süddən istifadə etməyin!). Məhz gözətrafı sahələrdən makiyajın xaric edilməsi üçün nəzərdə tutulmuş xüsusi təmizləyici vasitələr çox yüngül, həmçinin çox intensiv şəkildə təsir edirlər - sizə gözətrafı sahələri sürtüb ovuşdurmaq lazım gəlməyəcək. Təmizləyici vasitəni 2 pambıq diskin üzərinə çəkərək, yumulmuş olan gözlərinizin üzərinə qoyun, 1 dəqiqə keçdikdən sonra yüngül quruducu hərəkətlərlə onları geri götürün. Kirpiklərə sürtülmüş yuyulmayan tuş, yalnız tərkibində yağ olan xüsusi vasitələrlə xaric edilə bilər. Gözətrafı sahələrdən makiyajı xaric etmək üçün pambıqdan istifadə etməyin. Onun lifləri gözünüzə düşərək qıcıqlanmaya səbəb ola bilər. Bu məqsədlə birdəfəlik pampıq disklərdən istifadə etmək daha yaxşıdır.

Əgər siz dekorativ kosmetik vasitələrdən istifadə etmirsinizsə, istənilən halda, bütün üz və gözətrafı sahələri, gün ərzində onun üzərinə yığılmış toz, çirk və s.-dən  təmizləmək lazımdır.

Gözətrafı sahələrin gündəlik olaraq aparılan axşam masajları bu sahənin zərif dərisinin cavan şəkildə saxlanmasına kömək edir. Gözətrafı sahələri təmizləyin, göz qapaqlarına qidalandırıcı krem çəkərək onları masaj etməyə başlayın. Onların masajı 1-2 dəqiqə ərzində olmaqla, barmaq yastıqçaları ilə, çox yumşaq döyəcləyici hərəkətlərlə yerinə yetirilir. Masaj əvvəlcə gözün iç küncündən başlayaraq yuxarı göz qapağı boyunca gicgahlara doğru, sonra isə aşağı göz qapağı boyunca buruna tərəf olmaqla aparılır.

Dərinin səhər təmizlənməsindən sonra kosmetik buzdan istifadə edilməsi gözətrafı sahələrin dərisinə yaxşı tonuslandırıcı təsir edir. Bu məqsədlə, saat əqrəbi istiqamətində olmaqla,10-20 saniyə ərzində kub şəklində olan buzu göz qapaqlarının üzəri ilə yüngülcə sürüşdürmək lazımdır.

Heç bir halda günəşdən qoruyucu eynək geyinmədən günəşli havada çölə çıxmayın. Əks halda, günəş şüalarının təsiri altında gözləriniz daimi olaraq qıyılmış olur ki, bu da bilavasitə, gozətrafı sahələrdə qırışların əmələ gəlməsinə səbəb olur. Bundan başqa, günəşin aktiv saatlarında gözətrafı sahələrin həssas dərisinə tərkibində ultrabənövşəyi filtrlər olan (UV-filtr) kremlər çəkmək vacib hesab edilir.

Gözətrafı sahələrin dərisini maksimal şəkildə daha uzun müddət ərzində cavan saxlamaq üçün bir neçə məsləhətləri də nəzərinizə çatdırırıq:

- "Üzünüz yastığa olmaqla" yatmayın. Çalışın ki, üzünüz yuxarı və ya böyrü üstə yatasınız. Axşam yatmamışdan qabaq sakitləşdirici vanna (şam ekstraktı, çobanyastığı, cökə ağacı çiçəyi, nanə, pişikotu kökü otları ilə) qəbul edin, 1 stəkan bal qarışdırılmış ilıq süd için.

- Hündür yastıqdan istifadə etdikdə, göz qapaqlarının dərisində qan axını pozulur və bunun nəticəsində göz qapaqları altında "kisə şəkilli" şişkinliklər əmələ gələ bilər. Nazik yastıqlardan istifadə etmək daha xeyirli hesab edilir.

- Gözlərinizin altında erkən qırışların yaranmasının qarşısını almaq üçün qidanıza daha tez-tez təzə meyvə və tərəvəzlər daxil edin; düzgün şəkildə qidalanın, kəskin dietik rejimlərdən istifadə etməyin.


Etiketlər:  Gözətrafı sahələrin dərisinə qulluq edilməsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ