Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2021 18:08
"Aİ Biznes Mühiti Hesabatı 2020" 5-ci nəşrinin təqdimatı keçirilib.
İqtisadiyyat Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, onlayn formatda təşkil olunan tədbirdə Azərbaycanın rəsmi şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Avropa İttifaqı (Aİ) ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb, Azərbaycan iqtisadiyyatının genişlənməsinə və şaxələndirilməsinə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi baxımından Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Nazir tərəflər arasında münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2020-ci ildə ticarət dövriyyəsi 9,33 milyard ABŞ dolları təşkil edib. Son 8 ildə Aİ ölkələrinin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 20 milyard dollardan çoxdur.
COVİD-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirindən bəhs edən iqtisadiyyat naziri bu təsirlərin minimallaşdırılması istiqamətində həyata keçirilən sosial-iqtisadi və maliyyə dəstəyi tədbirləri, həmçinin iqtisadiyyatın liberallaşdırılması istiqamətində görülən işlər, əlverişli biznes və investisiya mühiti, birbaşa xarici investisiyaların təşviqinə dair strategiya və s. barədə məlumat verib.
Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq, işğaldan azad olunmuş torpaqlarımızda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin əsas vəzifələrdən olduğunu, investisiya qoyuluşu üçün geniş imkanlar yaradılacağını bildirib, təşkilata üzv olan ölkələri reallaşdırılacaq layihələrdə əməkdaşlığa dəvət edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan ilə Aİ arasında əlaqələrdən danışıb, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
İclasda həmçinin, "Azərbaycan 2020: Aİ biznes mühiti" hesabatının təqdimatı keçirilib, ekspertlərin rəyləri dinlənilib. Hesabata əsasən, Azərbaycanda təmsil olunan Aİ ölkələri şirkətlərinin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən ölkəmizi seçmək niyyətini bildiriblər. Bununla yanaşı, Avropa şirkətlərinin 75%-i pandemiyanın təsirlərinin minimallaşdirilması üçün həyata keçirilən dövlət dəstəyi tədbirlərindən tam razı qaldıqlarını ifadə ediblər. Avropa şirkətləri həmçinin, Azərbaycanın işğaldan azad olunmuş əraziləri üzərində Hökumət nəzarətinin bərpa edilməsinin həm əhali, həm də ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıblar.
Sonda iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.