Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 16:08
Gübrənin tam dəyərini "fermer kartı" ilə ödəmək mümkün olacaq
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilib.
Dəyişikliklərə əsasən, ayrılan subsidiya daxilində alınan gübrə və biohumusun dəyərinin 30 faizinin fermerlər tərəfindən nağd şəkildə ödənilməsi qaydası ləğv edilib.
Bunu REAL TV-yə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib.
Bildirib ki, bundan sonra fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini "Fermer kartı"nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə biləcəklər.
Daha bir dəyişikliyə əsasən, təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılacaq.
Qaydalara edilən daha bir dəyişikliyə görə, Aqrar Kredit və İnkişaf Agentliyinin monitorinq və qiymətləndirmə funksiyası genişləndirilib. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən çarpaz, yerüstü müşahidə və yerində müşahidə ardıcıllığı ilə monitorinqlər aparılacaq.
Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyi fermerlərə öz əkinlərini vaxtında və düzgün bəyan etməyə çağırır.