Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 21:38
Milli Televiziya və Radio Şurası (MTRŞ) yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 1 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olundu.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, sentyabrdan xarici seriallar ölkə televiziyalarında öz dilimizə dublyaj olunaraq yayımlanır. Tamaşaçıların böyük bir qismi türk dilindən dublyajı əhəmiyyətsiz hesab edir.
Uzun illər dublyajla məşğul olan əməkdar artist Hüsniyyə Mürvətova tərcümənin labüd olduğunu söylədi:
"Bir var Türkiyə türkcəsi, bir də var Azərbaycan türkcəsi. Biz Türkiyə kanallarında seriallara baxırıq, elə sözlər olur ki, mən də onu dəqiq başa düşmürəm. Yəqin ki, mənim kimi əksər insanlar həmin cümləni başa düşmürlər. Bu baxımdan mütləq tərcümə olunmalıdır. Amma necə tərcümə olunur, onu tamaşaçı deyə bilər. Hər halda mən öz üzərimə düşən işin öhdəsindən gəlirəm və çalışıram ki, yaxşı edim".
Əməkdar artist, dublyaj sahəsində mütəxəssis aktrisa Nəcibə Hüseynova israrla tərcümənin vacib olduğunu vurğuladı: "Türkiyə seriallarının dublyajına ehtiyac var. Biz azərbaycanlı olaraq niyə öz dilimizi qoruyub saxlamayaq? Niyə türklər bütün filmləri, serialları yüksək səviyyədə tərcümə edir, dilini möhkəm saxlayır, qoruyur. Biz niyə öz dilimizə sahib çııxmayaq? Başa düşürəm, biz də türkük. Amma biz Azərbaycan türküyük. Biz get-gedə öz dilimizdən imtina etsək, millətimiz yox olar. Mən həmişə demişəm, qorxmadan da deyirəm: bu tendensiya davam etsə, uzağı 5-10 ilə tamamilə yox olacağıq. Mən nə türk dilinin, nə də türk millətinin əleyhinəyəm. Sadəcə, öz dilimizi qoruyub saxlamalıyıq. Bizim çox axıcı, ahəngdar dilimiz var. Biz onu niyə itirməliyik? Türkdilli xalqlar çoxdur. Niyə onlar öz dilini, ənənəsini qoruyub saxlayır, biz yox?"
Dublyaj aktyoru Kamal Yaşar isə həmkarlarından fərqli düşünür:
"Mən bir dublyaj aktyoru kimi, bir tamaşaçı kimi düşünərəm ki, Türkiyə filmlərinin dublyajına ehtiyac yoxdur. Dilimiz oxşardır, ona görə də onun dublyajı gülməli səslənir. Xüsusən də köhnə serialları yayımlayırlar, hansı ki, Azərbaycan tamaşaçısı neçə il əvvəl həmin seriallara baxıblar".
Uzun illər müxtəlif televiziyalarda yayımlanan seriallarda çalışan aktyor Vüsal Xaliqoğlunun da fikrincə Türkiyə seriallarının tərcüməsi vacibdir:
"ARB televiziyasındakı "Ezel" serialını, Space-də yayımlanan "Aşki-memnu" serialını və bir çox digər türk filmlərini səsləndirirəm. Düşünürəm ki, çox böyük ehtiyac var. Bəzən deyirlər ki, "nə ehtiyac var, başa düşürük də". Amma bəzən elə sözlər olur ki, heç mən də başa düşmürəm. Baxmayaraq ki, 15 ildir bu işdə işləyirəm. Amma bəzən heç mən özüm də anlamıram, soruşam ki, "o nə dedi orada?" Yüksək səviyyədə dublyaj olunsa, normal pul ayrılsa, çox yaxşı olar. Tamaşaçılar da gərəksiz olduğunu düşünməz".
Uzun illər tərcümə sahəsində çalışan Anar Mahmudov da düşünür ki, filmlər mütləq tərcümə olunmalıdır: "Əlbəttə, onlar mütləq dublyaj edilməlidir. "Başa düşülür" məsələsi şərt deyil".
Bu məsələ ilə bağlı televiziyalarla da əlaqə saxladıq. Türkiyə seriallarının yayımlandığı ARB və Space televiyasından bildirildi ki, türk filmləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) verdiyi qərara əsasən Azərbaycan dilində dublyaj olunur.