Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilər sülhməramlıların nəzarətindəki ərazilərin Rusiyaya verilməsinə çalışır

Ermənilər sülhməramlıların nəzarətindəki ərazilərin Rusiyaya verilməsinə çalışır

Tarix: 30 Mart 2021 15:33

"Erməni separatçılarının Xankəndində rus dilini ikinci "dövlət dili" elan etməsi Rusiyadakı erməni lobbisinin beyninin məhsuludur".

Bunu Milli.Az-a açıqlamasında siyasi ekspert Fərid Əkbərov deyib.

Ekspert bildirib ki, məğlubiyyəti həzm edə bilməyən erməni lobbisi və ermənipərəst qüvvələr bundan sonra da Azərbaycan dövlətini və ictimiayyətini qıcıqlandıracaq addımlar atacaqlar:

"İndiyə kimi Ermənistanda rus dilli məktəblərin bağlanmasına göz yuman Rusiyadakı milliyyətçi erməni lobbisi 44 günlük müharibədə Azərbaycanın tarixi qələbəsini hələ də həzm edə bilmir. Buna görə də, 10 noyabr tarixli üçtərəfli bəyanata, daha doğrusu rəsmi İrəvanın Ermənistanın Azərbaycan qarşısında kapitulyasiya aktına imza atmasından sonra Azərbaycan dövlətini və ictimaiyyətini qıcıqlandırmaq məqsədi ilə ortaya daim belə təxribatçı fikirlər atılır. 

Rəsmi Bakı bu məsələyə artıq mövqeyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev 26 fevral tarixli böyük mətbuat konfransında əcnəbi və yerli medianın sualarını cavablandırarkən bu məsələyə də toxunub. Dövlət başçısının "Azərbaycan ərazisində bir dövlət dili var, o da Azərbaycan dilidir" cavabı bu cür təxribatlara aydın və vaxtında verilmiş cavabdır. Ona görə də, hesab edirəm ki, İkinci Qarabağ müharibəsində məğlubiyyətlərini həzm edə bilməyən Rusiyadakı erməni lobbisi və ermənipərəst qüvvələr bundan sonra da bu kimi təxribatçı, Azərbaycan dövlətini və ictimiayyətini qıcıqlandıracaq addımlar atacaqlar. 

Təbii ki, qondarma rejimin ikinci "dövlət dili" məsələsini ortaya atmaqla Rusiya erməniləri Kremlə yaltaqlanmaq və itirdikləri Dağlıq Qarabağın hələlik Rusiyanın nəzarətində olan bir hissəsinin həmişəlik Moskvanın himayəsinə verilməsinə çalışırlar. Əlbəttə ki, bu, Rusiyadakı millətçi, imperialist qüvvələrin də ürəyincədir. Bu yaxınlarda "Ədalətli Rusiya" partiyasının rəsmi şəxslərinin dilindən "Dağlıq Qarabağ Rusiyaya birləşdirilməlidir" kimi cəfəng bəyanatların səslənməsi buna bariz nümunədir. Düşünmürəm ki, bu rəsmi Moskvanın mövqeyidir. Bəzən bizim mətbuatda yerli ekspertlərimiz bu kimi fikirləri rəsmi Moskvanın möqveyi kimi qələmə verirlər. Mən, bununla qətiyyən razılaşmıram. Bilirsiniz, İkinci Qarabağ müharibəsi dövründə, ondan qabaq ki, dövrlərdə də, biz dəfələrlə Rusiyasının siyasi ekspert cəmiyyəti və ya parlamentariləri tərəfindən absurd, anti-Azərbaycan bəyanatlarının səslənməsinin şahidi olmuşuq. Bu bəyanatlara "Azərbaycan heç vaxt müharibə ilə torpaqlarını ala bilməz", "Rusiya Ermənistanın hərbi müttəfiqidir, Azərbaycan müharibəyə başlasa Moskva dərhal müdaxilə edəcək", "Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli yoxdur", "Azərbaycan heç vaxt qələbə qazana bilməyəcək" və s. misal göstərmək olar. Rusiyanın ekspert cəmiyyətindən dəfələrlə bu tip bəyanatları çox eşitmişik. Xüsusi ilə də müharibə dövründə... Amma tarix göstərdi ki, həmin ekspertlərin və ya parlamentarilərin Kremlin dövlət siyasətinin qəbul olunmasında zərrə qədər rolu yoxdur".

F.Əkbərov deyib ki, Rusiyaya sığınmaq ermənilərin köhnə tarixi planlarıdır, amma nə tarix həmin tarixdir, nə də regiondakı geosiyasi vəziyyət həmin vəziyyətdir:

"Baxın, bir vaxtlar Qarabağın "qədim erməni torpağı" olduğunu iddia edən Baqdasarovlar, Solovyovlar, Simonyanlar Şuşanın əllərindən çıxdıqlarını görüb, indi Qarabağın Rusiya imperiyasının tarixi ərazisi olduğunu iddia edirlər. Bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, erməni lobbisinin Qarabağın "erməni torpağı" olması siyasəti artıq fiaskoya uğrayıb. Ona görə də Rusiyadakı erməni lobbisi yeni yol tutub. Bu yol "rus dili, rus torpağı-Rusiya imperiyası kontekstində" Kremlin Qarabağla bağlı dövlət siyasətinə təsir etməkdir. Nəzərə alsaq ki, Rusiya imperial maraqları olan dövlətdir, rus xalqı imperial xalqdır, onda hiyləgər ermənilərin məhz bu amillərdən istifadə edərək Rusiyanın imperial maraqlarına xidmət etməsi məqsədini güddüyünü hesablamaq olar. Lakin diqqətinizi Rusiya Prezidenti Vladimir Putinin Krımın Rusiyaya "birləşdirilməsi"nin növbəti ildönümünə həsr olunan tədbirdə çıxışına yönəltmək istəyirəm. O, bolşeviklərin tarixi Rusiya ərazilərini "kvazidövlətlərə" hədiyyə etdiyi bildirsə də, (mən Putinin "kvazidövlət" ifadəsini ən çox Ukrayna və Belarusa şamil etdiyini düşünürəm) Rusiyanın yeni geosiyasi şərtlərlərdə yaşamağa hazır olduğunu bəyan etdi. Bu bəyanatda səslənən "kvazi dövlətlərə bəxşiş edilmiş torpaqlar və yeni geosiyasi şərtlərdə yaşamağa hazırıq" ifadələrinə ayrılıqda deyil, bir kontekstdə baxmaq lazımdır".

Əminliklə demək olar ki, yeni geosiyasi şərtlər Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil edilməsini diqtə etmir. Bir də ki, hansı Dağlıq Qarabağdan söhbət gedə bilər axı? Ermənilərin xülyası olan Dağlıq Qarabağ təkcə muxtar vilayətin ərazisi deyildi axı, hansı ki, Azərbaycan hərb yolu ilə həmin bölgənin əsas nöqtələri hesab olunan Şuşa və Hadrutu işğaldan azad edib, öz vətəninə geri qaytarıb. Ermənilər Laçını, Kəlbəcəri və eyni zamanda Ermənistanla həmsərhəd olan Qubadlı, Zəngilanı da bu xülyanın tərkib hissəsi hesab edirdilər. Amma onların bu planı təmiz pozulub. İndi erməni lobbisi başqa plan üzərində çalışır. Əslində bu da yeni plan deyil, Rusiyaya sığınmaq onların köhnə tarixi planlarıdır. Lakin ermənilər bir məsələdə yanılırlar, nə tarix həmin tarixdir, nə də regiondakı geosiyasi vəziyyət həmin vəziyyətdir.

O, ki qaldı rəsmi İrəvanın bu məsələ ilə bağlı mövqeyinə, fikrimcə, artıq Paşinyan hökuməti Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsi ilə bağlı heç bir siyasət yürütmür. Bu siyasət Moskvadakı erməni lobbisi  tərəfindən həyata keçirilir".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənilər sülhməramlıların nəzarətindəki ərazilərin Rusiyaya verilməsinə çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ