Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 19:10
"İskəndər" raketlərindən İkinci Qarabağ müharibəsində istifadə edilməsi barədə ilk dəfə söhbət açan ermənilərin özləri oldu. Belə ki, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan modelinin adını çəkmədən öyünərək bildirdi ki, mən çox çətinliklə Rusiyadan "İskəndər" raketləri almışdım. Dedi Azərbaycanlıları qorxutmaq üçün müharibənin ikinci, yaxud üçüncü günü həmin raketlərdən istifadə etmək lazım idi. Amma Baş nazir Nikol Paşinyanı nəzərdə tutaraq söylədi ki, hökumətin səriştəsizliyi üzündən bu fürsət əldən verildi.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, Serj Sərkisyan bu açıqlamanı verəndən sonra Nikol Paşinyan "İskəndər"lərdən istifadə edildiyini, amma onların yalnız 10 faizinin partladığını bildirib:
"Paşinyanın bu fikirləri çox böyük qalmaqala səbəb oldu və Rusiya mediasında "rus silahına kölgə salmaq və rus silahının qüdrətini zərbə altında qoymaq istəyir" kimi hay-küy qalxdı. Ruslar bildirdilər ki, Paşinyanın heç nədən başı çıxmır, ona görə də belə xam fikirlər, mülahizələr söyləyir. Paşinyan da geri çəkilməli oldu və etiraf etdi ki, baş nazir kimi ona təqdim olunan məlumatlardan istifadə edib, bu məlumatlar isə düzgün olmayıb. Amma bunlardan əvvəl isə keçmiş baş qərargah rəisi Movses Akopyan dəfələrlə bildirmişdi ki, Ermənistan tərəfi Azərbaycana qarşı "İskəndər" raketlərindən müharibə zamanı bir neçə dəfə istifadə edib. Bunun ardınca Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bəyan etdi ki, müharibə dövründə "İskəndər" raketlərindən ümumiyyətlə istifadə edilməyib. Daha bir neçə gün sonra Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Şuşa şəhəri ətrafında "İskəndər M" raketlərinə məxsus iki ədəd döyüş başlıqlarının qalıqlarını aşkarladılar. Onlar aprelin 2-də Bakıda nümayiş etdirilib. Orada açıq-aydın görünürdü ki, bunlar "İskəndər M" raketlərinin tam partlamamış başlıqlarının qalıqlarıdır".
Qabil Hüseynli deyib ki, bu başlıqların qalıqlarının nümayiş etdirilməsindən sonra da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov müharibə dövründə "İskəndər" raketlərinin heç bir növündən istifadə edilmədiyini söyləyib:
""İskəndər" raketlərindən istifadə edilməyibsə, Şuşa ətrafında tapılan və bu raketlərə aid olduğu heç bir şübhə doğurmayan bu qalıqlar hardan meydana çıxıb?! Ermənilərin bəziləri də dedilər ki, bəlkə azərbaycanlılar bu silahın qalıqlarını Türkiyə vasitəsilə Suriyadan gətiriblər? Bunlar gülünc və cəfəng iddialardır. Hazırda Şuşa ətrafında axtarışlar gedir və yeni raket qalıqlarının tapılması ehtimalı kifayət qədər yüksəkdir".
Politoloq qeyd edib ki, bu raketlərin bəziləri Mingəçevirə atılarkən hava hücumundan müdafiə qoşunlarımız tərəfindən zərərsizləşdirilib:
"Sonra bir neçə raket Xızı ərazisinə düşmüşdü. Belə görünür ki, Mingəçevir və Xızıya da "İskəndər E" yox, "İskəndər M" vasitəsilə zərbə endirilib. Bu raketlərin Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının ərazisindən atıldığını ehtimal etmək olar. Çünki bu qədər uzaq uçuş məsafəsini yalnız "İskəndər M"lər qət edə bilər. Onlar 500 km-dən artıq uça bilir. "İskəndər E"lər 280 km-dən uzağa uça bilmir".
Müsahibimiz daha sonra qeyd edib:
"Bizi narahat edən odur ki, müharibənin gedişi zamanı hansısa böyük dövlətin belə deyək, neytral qaldığı haqqında fikirlər səsləndirilsə də ortaya yavaş-yavaş faktlar çıxır. Belə məlum olur ki, həmin böyük dövlət müharibənin gedişi zamanı heç də neytral olmayıb. Müəyyən məsələlərdə ermənilərə istiqamət verib. Bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan da bildirmişdi. Demişdi ki, biz hər gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə məsləhətləşir və onunla müharibənin dərslərini bölüşürdük. Yəni Rusiyanın bizə döyüş əməliyyatları aparmağa imkan verdiyi, döyüşlərin Azərbaycan ərazisində getdiyi üçün müharibəyə qarışmadığı, bu zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müddəalarının işə yaramadığı kimi iddialar doğru deyilmiş. Rusiya müharibənin gedişinə bu və ya digər formada təsir edə biləcək addımlar atıb. Xüsusilə, Şuşanı "İsgəndər M" raketləri ilə vurmaq istəyib. Allah üzümüzə baxıb. Görünür ki, Şuşa müqəddəs, uca Allahın dərgahında yaranmış bir şəhərdir ki, ora atılan raketlərin böyük əksəriyyəti partlamayıb. Partlayanlar isə Şuşadan xeyli aralıda partlayıb. Bizi yaradan Allah bizə, Şuşaya böyük mərhəmət göstərib. Şuşa Allah dərgahının altında bünövrəsi qoyulmuş bir şəhər olduğundan həmin raketlər şəhərə gedib çatmayıb. Yoxsa, onlar Şuşanı yerlə yeksan edilməli, oradakı Azərbaycan hərbçilərini də tamamilə məhv etməli idilər. Qərar belə idi. Şuşa doğrudan da Azərbaycan xalqının müqəddəs şəhəridir. Biz oranı Məkkəyə, Mədinəyə çevirməliyik. Biz ora ziyarətə gedib orada bütün istəklərimizin, arzularımızın yerinə yetməsini Gövhər Ağa məscidində Allahdan diləməliyik.