Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 20:40
Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) - bir və ya bir neçə şəxs (fiziki şəxs və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyətdir. Sadə dildə desək, ticarətlə məşğul olan, xidmət göstərən, məhsul istehsal edən istənilən kommersiya müəssisəsi MMC adlanır. MMC-nin təsisçiləri müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları investisiya dəyəri həcmində risk daşıyırlar. MMC-nin fəaliyyəti zamanı əldə edilən qazanc onu təsisçiləri arasında nizamnamə kapitalındakı paya mütənasib olaraq bölünür. MMC-lərin fəaliyyəti Mülki Məcəllə əsasında tənzimlənir.
Bəs MMMC nədir?
Sonxeber.net kriptoinvest.az-a istinadən bildirir ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) - çoxmənzilli binaların idarə edilməsi üçün bina sakinlərinin (binanın sahə mülkiyyətçilərinin) könüllü birliyidir. MMMC qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. MMMC-lərin fəaliyyəti əsasən Mənzil Məcəlləsi əsasında tənzimlənir. Qanunvericiliyə əsasən çoxmənzilli bina sakinləri MMMC yaradaraq binanın idarə edilməsi məsuliyyətini birbaşa öz üzərlərinə götürürlər. MMC-lərdən fərqli olaraq MMMC-lər kommersiya fəaliyyəti göstərsələr də, əldə edilən gəlir bölüşdürülmür, ancaq Nizamnamə fəaliyyətinə yönəldilir.
Qeyd: MMC-lər Vergi Xidmətində, MMMC-lər isə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınır.