Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

44 günlük savaşın qəhrəmanı 45-ci yazını tamamlayır - FOTOlar

44 günlük savaşın qəhrəmanı 45-ci yazını tamamlayır - FOTOlar

Tarix: 20 Aprel 2021 18:14

Bu gün 44 günlük Vətən müharibəsində ölkə başçısı İlham Əliyev tərəfindən ən çox medalla təltif edilən, general-mayor, birlik komandiri Mais Bərxudarovun ad günüdür. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 45 yaşı tamam olan general Azərbaycanın müzəffər ordusunun ötən ilin oktyabrın 26-da düşmən işğalından azad etdiyi Qubadlı şəhərində anadan olub. General Bərxudarov torpaqlarımızın işğal altında olduğu zamanlarda etdiyi bütün çıxışlarında müqəddəs bayrağımızın doğma torpaqlarımızda dalğalanacağını böyük əminliklə ifadə etmişdi.

"Doğma yerlərimiz, qəbirlərimiz ziyarət olunacaq!" deyən generalın arzusu onun kimi zabitlərin və Azərbaycan ordusunun şanlı əsgərlərinin sayəsində artıq bir müddətdir ki, reallığa çevrilib. Anadan olduğu Qubadlı şəhərində 28 il öz doğum gününü qeyd edə bilməyən general artıq ad günlərini öz yurdunda qarşılaya bilir.

General Bərxudarov Vətən müharibəsində Şuşanın, Qubadlının, Xocəvəndin, Zəngilanın, Füzulinin, Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub. Bundan başqa, o, "Qarabağ" ordeninə də layiq görülüb. 

Ötən ilin oktyabrın 4-də müharibənin gedişatında Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Birlik komandirləri - general-mayor Mais Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik etmişdi. 

Uşaq vaxtlarından güləşlə məşğul olan Bərxudarov Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. General 90-cı illərdə Qarabağ müharibəsində şəhid olan müəllimi Əliyar Əliyevə söz verib ki, Azərbaycan bayrağını müəlliminin şəhid olduğu Laçın koridoruna sancacaq. M. Bərxudarov Vətən müharibəsi dövründə işğaldan azad edilmiş Cəbrayıl şəhərinə Azərbaycan bayrağını sancıb. 

Ermənistan silahlı qüvvələri Qarabağı işğal edən zaman M. Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1998-ci ildə baş-leytenant Bərxudarov kəşfiyyatçı kimi fəaliyyətinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub və bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edib.  

Bu zaman Heydər Əliyev ona "sənə üç otaqlı ev də hədiyyə edirəm" deyir, Bərxudarov isə həmin evi şəhid olmuş əsgərinin ailəsinə bağışlanmasını xahiş edir: "Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəsdir, şərəflidir. Lakin mənə bağışladığınız o evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm. Mən birtəhər evsiz yaşayaram. Amma onların evləri yoxdur..." 

2012-ci ildə polkovnik M. Bərxudarov "Vətən uğrunda" medalı ilə, 2018-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilir. 

Bərxudarov eyni zamanda Azərbaycanın geniş ictimaiyyətinə 2016-cı il "Aprel döyüşləri" zamanı tanınıb. Belə ki, həmin vaxt polkovnik olan korpus komandiri özü də əsgərlərə qoşularaq birbaşa döyüşlərdə iştirak edib, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edərək sıradan çıxarıb. 

Məlumata görə, M. Bərxudarov həmin döyüşlər zamanı tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb. 

General isə müsahibələrinin birində bu haqda qısa danışıb: "Əlbəttə, əsgər öz komandirini yanında görəndə daha da ruhlanır, daha da ürəklənir". 

O, həmçinin müsahibələrinin birində işğaldan azad etdiyi Lələtəpə yüksəkliyinin əhəmiyyətini bu cür izah edib: "Lələtəpədən duraraq Cəbrayıl rayonunu, Qubadlının bəzi dağlarını, hətta Zəngilana gedən yolu - böyük əməliyyat sahəsini - atəşin təsir edə biləcəyi sahəni nəzarətimizdə saxlaya bilirik. Düşmənin hər fəaliyyətini izləmək üçün yetəri qədər avadanlığımız var. İstər gecə, istərsə də gündüz - günün istənilən saatında düşməni izləməyə qadirik. Növbəti döyüş əməliyyatlarında düşmən canlı qüvvə də itirəcək, texnika da və biz torpaqları qeri qaytaracağıq. Bunu mən əminliklə deyə bilərəm".

Polkovnik M.Bərxudarov elə Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə Prezident İlham Əliyev tərəfindən general-mayor rütbəsinə layiq görülüb. 

General-mayor 2019-cu ildə cəbhənin Xocavənd istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçilərin anım mərasimində çıxışı zamanı şəhidlik məqamının müqəddəsliyinə də toxunub. O vurğulayıb  ki, müqəddəs şəhidlik zirvəsi hər kəsə nəsib olmur: "Vətən yolunda canını qurban verən hər bir övladın anası oğlu ilə qürur duymalıdır. Çünki o şəhid həmin ananın şah əsəridir. Yəni həmin övladı Vətən üçün canından keçəcək qədər cəsur, qorxmaz edən elə şəhidin öz anasıdır ki, onu bu ruhda böyüdüb".

Günel Türksoy



Etiketlər:  günlük savaşın qəhrəmanı yazını tamamlayır FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ