Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 12:16
Baş Çavuş Tofiq Həsənov yaralı döyüş yoldaşını xilas edərkən şəhid olub
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Qarabağ müharibəsi dövrünün Murovdağ əməliyyatında neçə-neçə Murov sinəli oğullarımız canını fəda etdi. Onlardan biri də Daxili Qoşunların baş çavuşu Həsənov Tofiq Etibar oğlu idi. Tofiq 1989-cu il noyabrın 21-də Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb.2007-ci ildə hərbi xidmətə çağrılıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmətə yollanaraq, Baş çavuş adını qazanıb. Göstərdiyi xidmətləri sayəsində 26 iyun 2020-ci ildə "Qüsursuz xidmətə görə" medalı ilə təltiflənib.
Azərbaycan Vətən Müharibəsi başlayan zamandan döyüşlərə qatılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə məsuliyyət və bacarığı ilə başqalarından seçilib.
Oğlunun şərəfli ömür yolundan qürurla söz açan ana nəvəsinin də hərbçi olmasını arzulayır.
Şəhidin qardaşı Təbriz də "Qardaşımın yolunu davam etdirəcəm" deyərək, Azərbaycan ordusundan qürurla danışdı.
Vətən torpaqlarının azadlığı, ana-bacıların, körpə balaların firavanlığı uğrunda canını fəda edən Şəhidimizin ən böyük arzusu oğul övladının asayiş qoruqçusu - Polis, qızının isə həkim olması idi...
Vətənin qəhrəman oğlu, Tofiq Həsənov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra ölkə Prezidentinin Sərancamına əsasən "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülüb.