Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-nin Baş katibi: Cinayətkarların gəlir məqsədilə insanları amansızcasına istismar etməsini dayandıraq

BMT-nin Baş katibi: Cinayətkarların gəlir məqsədilə insanları amansızcasına istismar etməsini dayandıraq

Tarix: 30 Iyul 2019 10:48

Bakı. Elçin Mehdiyev - Trend:

30 iyul - Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə günüdür. Bununla bağlı BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq ictimaiyyətə müraciət edib.

Trend-in məlumatına görə, müraciətdə deyilir:

"İnsan alveri bütün dünyanı hər bir yerinə mənfi təsir edən dəhşətli cinayətdir. BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin (UNODC) məlumatına görə, qeydə alınmış qurbanların təxminən 72 faizini qadın və qızlar təşkil edir, zərərçəkmiş uşaqların sayı isə 2004-cü ildən 2016-cı ilə qədər iki dəfədən çox artıb. Qeydə alınmış qurbanların əksəriyyəti cinsi istismar məqsədilə insan alverinə cəlb olunur. Digər səbəblər sırasında məcburi əmək, uşaqların hərbi fəaliyyətə cəlb olunması və digər istismar və sui-istifadə hallarını qeyd etmək olar.

İnsan alverçiləri və terrorçu qruplar yoxsul şəraitdə yaşayanlardan tutmuş, müharibə vəziyyətində olan və ya ayrı-seçkiliklə üzləşən insanlara kimi çətin vəziyyətdə olanları hədəfləyirlər. BMT-nin Xoşməramlı səfiri kimi xidmət edən ilk insan alveri qurbanı Nadya Murad, insan alverini dayandırmaq və münaqişə şəraitində seksual zorakılığın qarşısının almaq üçün beynəlxalq tədbirlərin təşviqinə görə 2018-ci ildə haqlı olaraq Nobel Sülh Mükafatına layiq görülənlərdən biri olub.

Silahlı münaqişələr, əhalinin köçürülməsi, iqlim dəyişikliyi, təbii fəlakətlər və yoxsulluq, insan ticarətinin inkişafına yol açan zəifliyi və ümidsizliyi daha da artırır. Miqrantlar daim hədəfdədir. Dəhşətli və amansız sövdələşmələri həyata keçirən insan alverçiləri və miqrant qaçaqmalçılarının üzündən minlərlə insan dəniz, səhra və həbsxanalarda öz həyatlarını itirib.

Lakin ətrafımızda baş verən zorakılıq və istismara olan laqeydlik də ağır itkilərə gətirib çıxarır. Həqiqətən də, tikintidən tutmuş ərzaq və istehlak mallarının istehsalına qədər saysız-hesabsız biznes və müəssisələr bu məzlum vəziyyətdən faydalanır.

Çoxtərəfli fəaliyyət sayəsində inkişaf əldə olunub. Palermo Konvensiyası və onun insan, xüsusilə də qadın və uşaq alverinin qarşısının alınması, azaldılması və cəzalandırılması haqqında protokolunun vasitəsilə atılan addımlar buna nümunədir. Əksər ölkələrdə lazımi qanunlar mövcuddur və bu yaxınlarda bəzi ölkələr insan alverinə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb edib. Lakin transmilli insan alveri şəbəkələrinin məsuliyyətə cəlb etmək və, ilk növbədə, qurbanların müəyyənləşdirilməsini və onların ehtiyac duyduğu müdafiə və xidmətlərə çıxışını təmin etmək üçün daha çox işlər görülməlidir.

Dayanıqlı İnkişaf Məqsədləri sui-istifadə və istismarın qarşısını almaq, qadın və qızlara qarşı hər cür zorakılığı aradan qaldırmaq, məcburi əmək, eləcə də uşaq əməyinə son qoymaq üçün aydın hədəfləri əhatə edir. Gəlin, bu Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günündə cinayətkarların gəlir məqsədilə insanları amansızcasına istismar etməsini dayandırmaq və qurbanların öz həyatlarını bərpa etməsinə yardım etmək öhdəliyinə sadiqliyimizi bir daha bəyan edək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Baş katibi Cinayətkarların gəlir məqsədilə insanları amansızcasına istismar etməsini dayandıraq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ