Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 21:48
Yaponiyada uşaqların sayı son 40 ilin ən aşağı həddinə düşüb və bu, əhalinin sürətlə qocaldığını bir daha təsdiq edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat hər il mayın 5-də qeyd edilən Uşaqlar Günü ərəfəsində Yaponiya Daxili İşlər və Kommunikasiya Nazirliyi tərəfindən yayılıb. Bildirilir ki, cari il aprelin 1-nə olan son məlumatlara görə ölkədə 14 yaşdan az olan uşaqların sayı 14,93 milyon nəfər təşkil edib. Bu, bir il əvvəlki göstərici ilə müqayisədə 190 min nəfər azdır və 1950-ci ildən bəri ən aşağı göstəricidir.
Qeyd edilir ki, uşaqların əhalinin digər kateqoriyaları ilə müqayisədə sayı da son 47 ildə ən aşağı həddə düşərək 11,9 faiz təşkil edib.
BMT-nin hər il dərc edilən demoqrafik göstəricisinə görə də Yaponiya 40 milyondan çox əhalisi olan 33 ölkə arasında bu göstəriciyə görə ən aşağı fərqə malikdir.
Nazirliyin məlumatına görə, uşaqlar arasında oğlanların sayı 7,65 milyon, qızlar isə 7,28 milyon nəfər təşkil edir.
Həmçinin bildirilir ki, uşaqlar arasında 2 yaşına qədər olanların sayı 2,65 milyon nəfərdir. Qeyd edilir ki, bu göstərici də digər yaş qrupları ilə müqayisədə azlıq təşkil edir və ölkə üzrə doğumun sayının azaldığını təsdiq edir.
Məlumat üçün qeyd edək ki, Yaponiyada uşaqların sayı özünün pik həddinə 1954-cü ildə çatıb və 29,89 milyon nəfər təşkil edib. Ötən əsrin 70-ci illərində bu rəqəm qismən sabit qalsa da, 1982-ci ildən bəri azalmaqda davam edir.