Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2021 22:10
Avstriyanın Feldkirx şəhərində fəaliyyət göstərən bir həkim sosial şəbəkədə insanları koronavirusa yoluxmağa çağıran paylaşımına görə 63 min avro cərimələnib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, prokurorluğun ittiham aktında həkimin insanları koronavirusa yoluxmağa və bu yolla virusun yayılmasına çağırış etməsi qeyd olunub. Belə ki, feysbuk sosial şəbəkəsində həkimin rəsmi səhiyyə siyasətinə zidd fikirləri onun yüksək məbləğdə cəzalanması ilə nəticələnib.
İttihamnamədə qeyd edilib ki, ailə üzvlərindən birinin koronavirusa yoluxduğu təqdirdə digər ailə üzvlərinin karantin şəraitində necə rəftar etmələrinə dair sualı cavablandıran həkim onlara koronavirusa yoluxmağı tövsiyə edib.
Həkim məhkəmədə ifadəsində özünü günahkar hesab etməyib və bildirib ki, ailə daxilində virusa yoluxma onsuz da əksər hallarda avtomatik şəkildə baş verir və bu prosesin könüllü və nəzarət altında baş verməsi daha yaxşıdır. O, fikrini əsaslandırmaq üçün pandemiya gedişatında hazırlanan statistik məlumatları, tibbi hesabatlar və yoluxma qövsünün inkişafı tempinə istinad edib. Onun sözlərinə görə, verdiyi tövsiyə peyvəndlər vasitəsilə əldə olunan nəticəyə təbii yolla nail olmağa hesablanıb və özünüyoluxdurma yolu ilə kollektiv immunlaşma strategiyasına əsaslanıb. Lakin hazırda peyvəndlərin uğurla tətbiqi və onların faydalarının risklərindən çox olmasını nəzərə alaraq bir neçə ay bundan əvvəl yazmış olduğu tövsiyəni bu gün təkrarlamazdı.
Məhkəmə işinə sədrlik edən hakim həkimin tövsiyəsinin sosial şəbəkədə və bununla da ictimai məkanda edilməsini insanların sağlamlığı əleyhinə yönəlmiş hərəkətlərin ictimaiyyətdə təbliği kimi tövsif edərək, ona qarşı 63 min avro məbləğində cəza kəsib.