Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 12:24
Vətəndaşların öz hesablarına çəkdirdikləri yolu "Azərsu" əməkdaşları yararsız hala salıblar. Söhbət Sabunçu rayonu, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisindən gedir. Ərazidə kanalizasiya xətti çəkən "Azərsu" nümayəndələri, iş bitdikdən sonra yolu bərpa edəcəklərini desələr də, nəticə hələ də yoxdur. Hətta kanalizasiya xətlərinin çəkilişi də bəzi küçələrdə yarımçıq qalıb.
Bura Sabunçu rayonu, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisidir. Sakinlərin narazılığı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə bağlıdır. Deyirlər ki, öz vəsaitimiz hesabına çəkdiyimiz yolu, sözügedən qurumun əməkdaşları yararsız hala salıblar.
Sakinlərin başqa bir narazılığı isə elə yolun dağılmasına səbəb olan kanalizasiya xətti ilə bağlıdır. Deyirlər ki, 2-ci mədən ərazisinə kanalizasiya xətt çəkilsə də, Elşən Mehdiyev küçəsində aparılan işlər yarımçıq qalıb. Nəticədə çirkli su onların evlərin qarşısındakı bataqlığa, oradan isə Böyükşor gölünə tökülür.
Çəkiliş apardığımız zaman Balaxanı qəsəbəsi üzrə icra nümayəndəsi Vidadi Səlimov da əraziyə gəldi. Bildirdi ki, yolun hazırkı vəziyyəti ilə bağlı aidiyyəti quruma müraciət olunub.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə də əlaqə saxlanılıb. Qurumun mətbuat katibi Anar Cəbrayıllı sabah məsələnin yenidən araşdırılacağını bildirdi.
O ki qaldı, Elşən Mehdiyev küçəsində kanalizasiya xəttinin yarımçıq qalması məsələsinə, Anar Cəbrayıllı bildirdi ki, həmin ərazidən neft kəmərləri keçdiyindən, Dövlət Neft Şirkəti tərəfindən orada layihənin tam icra olunmasına icazə verilməyib. Qurum rəsmisi əlavə etdi ki, sabah əraziyə yollanacaq nümayəndə heyəti bu məsələyə də yenidən aydınlıq gətirəcək.