Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsində canını fəda edərək şəhidlik zirvəsinə ucalan İsmayıl Salmanov - VİDEO - FOTO

Vətən müharibəsində canını fəda edərək şəhidlik zirvəsinə ucalan İsmayıl Salmanov - VİDEO - FOTO

Tarix: 19 May 2021 23:38

Şəhid İsmayıl Salmanov Vətən müharibəsində canını fəda edərək şəhidlik zirvəsinə ucaldı. 24 yaşı tamam olan İsmayılın şəhadətdə olan ilk doğum günü qeyd edilir. İsmayıl cismən həyatda olmasa da, şanlı tariximizin səhifələrində əbədi yaşayacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Salmanov İsmayıl Rəhman oğlu 1997-ci ilin bu günündə məcburi köçkün ailəsində İmişli rayon Bəhrəmtəpə qəsəbəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarındaykən ermənilərin Azərbaycan xalqına etdiyi zülmlər haqda valideynlərindən məlumat alıb. Birinci Qarabağ müharibəsində şəhid olan dayısının qəhrəmanlıqlarından xəbərdar olan İsmayıl vətənpərvər ruhda böyüyərək gələcəyin hərbçisi olacağına qərar verib. Yeniyetmə çağlarında isə İsmayıl və ailəsi Zobucuq qəsəbəsində məskunlaşır. Orta məktəbdə oxuyarkən hərbi akademiyada təhsil almaq istəsə də, bəzi çətinliklər səbəbindən onun arzusu gerçəkləşmir. Həqiqi hərbi xidmətə yollanan İsmayıl ön cəbhədə qulluq edir. Hərbi xidməti başa vurduqdan sonra mülki işdə çalışmağa başlayır. İsmayıl hərbçi olmaq arzusunun arxasınca gedir, mülki işindən imtina edərək hərbçi olur və həmlə taborunda Vətənin keşiyində dayanır.

Şəhid anası Yeganə Hüseynova söyləyib ki, İsmayıl işğal altında olan torpaqlarımızın azad ediləcəyi günə inanırdı. Ana yurdu Xocavənd, ata yurdu isə Füzuli rayonu olan İsmayıl öz ailəsinə "sizləri o torpağa qovuşduran biz olacağıq", - deyə söz verib. O, sözünə sadiq qalaraq torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər qəhrəmancasına döyüşüb. Ata və anasına isə "torpaqlarımız azaddır", - deyə müjdəsini çatdırıb.

Şəhid İsmayılın qəhrəmanlığından danışan dayısı Namiq Hüseynov bildirib ki, İsmayıl kimi qəhrəman oğulların şücaəti nəticəsində torpaqlarımız düşmən tapdağından azad oldu. Hələ 1990-cı illərdə erməni vəhşiliyinə şahid olan şəhidin dayısı söyləyib ki, ermənilər dinc əhaliyə qarşı amansızlıq törədərək bizləri doğma torpaqlarımızdan didərgin saldılar. Vaxtilə torpaqlarımızda qucaq açdığımız ermənilər bizlərə qarşı namərdlik etdi. Lakin bu gün qəhrəman oğullarımız torpaqlarımızı azad etməklə şəhidlərimizin qisasını aldı. İsmayılın döyüş yolundan söhbət açan şəhid dayısı deyib ki, sentyabrın 27-də düşmənin hücumunun qarşısını almaq məqsədilə başlayan əks-həmlə əməliyyatlarında İsmayıl ilk döyüşə atılanlardan oldu. Onun döyüş yolu Cəbrayıl, Xocavənd, Füzulidən keçib. Həmlə taborunda snayperçi olan İsmayıl düşmənin xeyli canlı qüvvəsinin məhv edilməsində yaxından iştirak edib. Vətən müharibəsinin 28-ci günündə, oktyabrın 24-də İsmayıl Füzuli rayonu ərazisində İlandağ deyilən yerdə gərgin döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. İsmayıl Füzuli rayonu Alxanlı kəndində torpağa tapşırılıb. Qeyd edək ki, İsmayıl döyüşlərdə göstərdiyi şücaətinə görə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.


Etiketlər:  Vətən müharibəsində canını fəda edərək şəhidlik zirvəsinə ucalan İsmayıl Salmanov VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ