Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 15:09
Bakı. Trend:
Avqustun 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində ilk mətbuat konfransı keçirilib.
Trend-in məlumatına görə, konfransda iştirak edən idarə heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Mərkəz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 6 fevral tarixli Fərmanı ilə yaradılıb.
Onun sözlərinə görə, ötən 5 ay ərzində mərkəzin fəaliyyəti ilə bağlı lazımi sənədləşmə işləri aparılıb və bu proses hələ də davam edir: “Apreldə mərkəzin əsasnaməsi təsdiqlənib. İyulun 15-də isə büdcəmiz təsdiq olunub və əvvəllər Strateji Araşdırmalar Mərkəzinə məxsus olan bu bina rəsmi olaraq bizə verilib”.
Fərid Şəfiyev bildirib ki, Mərkəz 3 əsas istiqamət üzrə fəaliyyət göstərəcək: “İlk növbədə, biz ölkə rəhbərliyi, dövlət qurumları üçün Ermənistan-Azərbaycan münaqişəsinə, ölkənin xarici siyasətindəki məsələlərə dair arayışlar, məruzələr tərtib edəcəyik. Bununla yanaşı ikinci istiqamət kimi mətbuat, təhsil müəssisələri, ictimaiyyət üçün sözügedən mövzularla əlaqədar açıq istifadəsi nəzərdə tutulan şərhlərin və tədqiqatların hazırlanması həyata keçiriləcək. Üçüncü vacib istiqamət isə xaricdəki beyin mərkəzləri ilə əməkdaşlıqdır”.
Fərid Şəfiyev təəssüflə bildirib ki, dünyada Azərbaycanla bağlı araşdırmalar azdır: “Biz həmçinin Azərbaycanla bağlı elmi araşdırmaların kəmiyyətini və keyfiyyətini artırmaq niyyətindəyik. Mərkəz gələcəkdə Azərbaycanla bağlı araşdırma aparacaq xarici alimlər üçün təqaüdlərin açılmasını nəzərdə tutur”.
BMTM idarə heyətinin sədrinin sözlərinə görə, həmçinin mərkəzin əsas tədqiqat istiqamətlərindən biri Ernənistan-Azərbaycan münaqişəsi olacaq: “Biz mərkəzdə Ermənistanı öyrənəcək şöbənin yaradılmasını təklif edirik. Burada erməni dili kursları təşkil edilə, Ermənistan, erməni lobbisi dərindən öyrənilə bilər”.
Fərid Şəfiyev bildirib ki, yaxın aylarda mərkəzin yeni saytı fəaliyyətə başlayacaq və saytda təqaüd, staj, iş və könüllülük imkanları barədə məlumat veriləcək. O, mərkəzi açıq platformaya çevirmək niyyətində olduğunu əlavə edib. Onun sözlərinə görə, bu gündən etibarən Mərkəzin sosial şəbəkələrdə səhifələri fəaliyyətə başlayacaq və media və ictimaiyyətlə daha sıx işlənəcək.
Fərid Şəfiyev həmçinin BMTM-in yeni loqosunu da media nümayəndələrinə təqdim edib. Bildirib ki, loqoda da göründüyü kimi təşkilatın ingiliscə “AIR Center” adlandırılması təklif edilir: “AIR ifadəsi ingilis dilində həm “hava” deməkdir, həm də bu abbreviatura ingilis dilindən Azərbaycan dilinə Beynəlxalq Münasibətlərin Təhlili (Analysis of International Relations) kimi tərcümə olunur. Azərbaycanda artıq belə təcrübə mövcuddur (ADA, AİDA, ASAN və s.). Bunun mərkəzin müsbət imicinə töhfə verəcəyi düşünülür”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin