Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsinin ilk şəhidlərindən biri - FOTO

Vətən müharibəsinin ilk şəhidlərindən biri - FOTO

Tarix: 21 May 2021 21:24

O, Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya gəlmişdi. Nadir kişinin, Arizə xalanın üçüncü övladı idi...

Hamı kimi orta məktəbi bitirmişdi, hərbi xidmətə yollanmışdı, ailə həyatı qurmuşdu.

Valideynləri onu Vətənə, yurda bağlı övlad kimi böyütmüşdülər. Qardaşı Xəyyam Birinci Qarabağ müharibəsində iştirak edəndə Murad hələ məktəbli idi. Xəyyam ikinci qrup Qarabağ müharibəsi əlili kimi tərxis olunub evə qayıtmışdı. Həmişə onun söhbətlərinə, cəbhə xatirələrinə maraqla qulaq asardı...

Kim bilir, hərbçi olmaq, Vətənin keşiyində dayanmaq arzusu bəlkə onun qəlbində qardaşının həmin söhbətlərinə qulaq asarkən baş qaldırmışdı?

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Murad Babayev 18 yaşı tamam olanda hərbi xidmətə yola düşüb, Müdafiə Nazirliyinin Tərtər rayonunda "N" saylı hərbi hissədə qulluq edib.

Hərbi xidmətini başa vurandan sonra uşaqlıqdan qardaşı Xəyyamın, əsgərlikdən qayıdan kənd uşaqlarının danışdığı söhbətlər zamanı onun qəlbində yuva quran hərbçi olmaq arzusunun ardınca gedib.

2003-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində fəaliyyət göstərən "T-72" tank komandiri kursunu bitirib və Füzuli rayonunda hərbi hissədə texnik kimi fəaliyyət göstərib.

2016-cı ilin aprelində Lələtəpə uğrunda qızğın döyüşlərdə yaxından iştirak edib. Həmin döyüşlərin iştirakçıları onun hər döyüşdə göstərdiyi igidlik nümunəsinin canlı şahidi olublar. O, bir tankçı kimi verilən tapşırıqları heç nədən çəkinmədən, qorxmadan axıradək yerinə yetirib və döyüşdə uğurlu mövqe seçərək düşmənə ağır zərbələr endirib.

Döyüş yoldaşları, onunla bir yerdə xidmət edənlər Muradın cəsur, ürəkli və vətənpərvər olduğunu söyləyirlər. Elə bu xüsusiyyətlərinə görə xidmət dövründə 25 Fəxri fərmana layiq görülüb.

2020-ci il sentyabrın 27-si...

Bu, Azərbaycan tarixinin ən unudulmaz günlərindən biri kimi yaşayacaq və xatırlanacaq. Uzun illər düşmən işğalı altında olan torpaqların azad edilməsinə məhz həmin gün səhər tezdən başlanılan uğurlu əməliyyatlarla start verildi. Möhtəşəm Qələbəyə, Zəfər gününə aparan yol bünövrəsini sentyabrın 27-dən götürdü.

Murad döyüş əməliyyatından bir neçə saat əvvəl səhərin erkən çağında zəng edərək həyat yoldaşı Xalidə ilə danışıb: "Uşaqları sənə, səni də Allaha tapşırır, hamınızı öpürəm. Özünüzdən muğayat olun!".

Azərbaycan Milli Ordusu əks-həmlə ilə erməni yaraqlılarını Füzuli rayonunun Əbdürrəhmanlı kəndindən qovub çıxarmağa cəhd göstərib. Ön sırada irəliləyən tanklardan biri də içərisində gizir Murad Babayevin və döyüş yoldaşlarının olduğu tank olub.

Umar Ömərov (tank komandiri): "Sentyabrın 27-də hücum əmri veriləndə yanaşı tanklarda düşmən üzərinə irəliləyirdik. Ön xətti keçib düşmən mövqelərinə sarsıdıcı zərbələr vurduq. Növbəti xətti keçmək istəyərkən Muradın idarə etdiyi tank ermənilərin atdığı mərmiyə hədəf oldu...".

Şamil Axundov (döyüş yoldaşı): "Bizim idarə etdiyimiz "T-72" tankı döyüşün ön sıralarında düşmən üzərinə gedirdi. Murad Babayev tank komandiri, mən mexanik, Seymur Atayev isə tuşlayıcı idi. Düşmən hədəflərinə doğru bir neçə sərrast atəş açdıq. Elə bu vaxt bizim idarə etdiyimiz tank düşmən atəşinə tuş oldu. Murad ağır yaralandı. Onu xilas etməyə çalışsaq da, gec idi...

Elnur İsmayılov (mayor): "Mən son iki ayı onunla bir yerdə xidmət etmişdim. Murad mənim qəlbimdə intizamlı, verilən tapşırığı vaxtında yerinə yetirən nümunəvi gizir kimi qalıb. Onun hərbçi həyatı hər kəs üçün örnəkdir...".

Murad Babayev üçün Vətən müharibəsi uğrunda döyüşün başlanıldığı gün son gün oldu. Elə ilk həmlədə, ilk döyüşdə, ilk saatlarda o, gözlərini əbədi olaraq yumdu.

O, Vətən müharibəsinin ilk şəhidlərindən biri oldu. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunması uğrunda" medalları ilə təltif olunub.

Bu il martın 31-də Muradın 39 yaşı onsuz qeyd edildi. Anası Arizə, qardaşları Xəyyam, Xaqani, Rəşad və Pəruz, döyüş dostları, hərbçi yoldaşları onun əziz xatirəsini yada salıb, keçdiyi yolu vərəq-vərəq göz önünə gətirdilər.

Oğlu Samirin, qızları Fatimənin, Zəhranın dilində "ata" kəlməsi donub qaldı. O, oğlunu hərbçi, qızını həkim görmək istəyirdi.

...İllər keçəcək, onun yadigarları atalarının qəlbində qalan arzularını həqiqətə çevirəcək, özləri isə Vətənin ən layiqli övladları olacaqlar. Atalarının müqəddəs və uca adı ilə həmişə qürur və iftixar hissi duyacaqlar.

Həm də təkcə onlar yox, Muradı tanıyan və tanımayan hər kəs bu cəsur Vətən müdafiəçisinin xatirəsini həmişə yad edəcək, adını uca tutacaq. Çünki o, öz ölümü ilə bizə böyük Qələbəni yaxınlaşdıran və onu bizə yaşadan əsgərlərdən biridir!


Etiketlər:  Vətən müharibəsinin şəhidlərindən biri FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ