Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2019 12:58
Bakı. İlhamə İsabalayeva - Trend:
Prezident İlham Əliyevin 2019-cu il 18 yanvar tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki üç müəssisə əsasında vahid qurum yaradılır.
Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Fərmanın icrası olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyul 2019-cu il tarixli 337 nömrəli Qərarı ilə DSMF-nin nəzdindəki üç sosial xidmət müəssisəsi - “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” və “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” ləğv edilib və onların əsasında DSMF-nin nəzdində olmaqla Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin yaradılmasına başlanılıb.
Məqsəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirməkdir.
Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi qeyd edilən şəxsləri, o cümlədən müəyyən yaşayış yeri olmayan şəxsləri, baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları stasionar şəraitdə sosial xidmətlərlə təmin edəcək. Müəssisə yalnız sığınacaq kimi fəaliyyət göstərməyərək, burada həmin insanların normal həyat tərzinə sahib olmaları, əmək qabiliyyətli olanların əmək bazarına dönüşü, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların bu vəziyyətdən çıxarılmaları, nəticə etibarilə həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası və s. üçün aidiyyəti işlər aparacaq.
Nazirlik Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Nizamnaməsini, strukturunu və ləğv edilmiş müəssisələrin işçilərinin say həddi daxilində ştat cədvəlini Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin