Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2019 14:27
Bakı. Trend:
Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Pekində ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunun "BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi" mövzusuna həsr olunan üçüncü sessiyasında çıxışı zamanı deyib.
Prezident vurğulayıb ki, Azərbaycan və Çin tərəfdaş ölkələrdir. Dövlətimizin başçısı 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalandığını qeyd edib.
İlham Əliyev bildirib ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir: “Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaratmışdır. Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir”.
Dövlət başçısı qeyd edib ki, nəqliyyat infrastrukturu sahəsində Ələt Dəniz Ticarət Limanı və yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti qeyd edilməlidir:
“Azərbaycanda 15 min kilometrdən çox yol çəkilib, dəmir yolu xətləri modernləşdirilib. Biz xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizində çox fəal iştirak edirik. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı prosesində iştirak edirik. Azərbaycanda hava nəqliyyatı infrastrukturu yaradılıb. Belə ki, altı beynəlxalq aeroport tikilib. Azərbaycan Xəzər dənizində 260 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkədir. Azərbaycanın nəqliyyat sahəsində potensialı daha da artır və bu, beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Azərbaycanda iqtisadi inkişaf nəticəsində işsizlik və yoxsulluq 5 faiz həddinə salınıb. Nəqliyyat və enerji təhlükəsizliyi milli təhlükəsizliyin vacib elementidir”.
Azərbaycan Prezidenti deyib ki, “Bir, kəmər, bir yol” təkcə nəqliyyat layihəsi deyil, bu, sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihədir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin