Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 09:56
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) alkoqol istifadəsi ilə bağlı OECD də daxil, Avropa Birliyi və G20 ölkələrindən ibarət toplam 52 ölkəni əhatə edən araşdırma aparıb.
Sonxeber.net Qərb mediasına istinadən xəbər verir ki, araşdırmanın nəticələri dünyada normadan çox alkoqol istifadəsinin gələcək fəsadlarına diqqət çəkib. Qeyd edilir ki, qarşıdakı 30 il içində təxminən 1 milyon 100 min insan normadan artıq alkoqol qəbul etməsi ucbatından ölə bilər. Belə aşırı istifadənin həmin ölkələrdə gözlənilən orta ömür uzunluğunu təxminən 1 ilədək azaldacağı düşünülür. Almaniya və Avstriya kimi ölkələrdə bu rəqəm hətta ilyarıma bərabərdir. Bunları nəzərə alan qurum ölkələrə normadan artıq alkoqol istifadəsinin törədəcəyi fəsadlara qarşı siyasət mexanizmləri formalaşdırmağı tövsiyə edib. Alkoqol ucbatından yaranan xəstəliklərin müalicəsinə xərclənən vəsait toplam səhiyyə xərclərinin 2,4 faizinə yaxındır.
Araşdırmada hansı həddə alkoqol istifadəsinin normadan artıq kimi qəbul edildiyi bildirilib. Qadınların gündə 12 qramdan, kişilərinsə 18 qramdan çox istifadə etdiyi saf alkoqol miqdarı normadan artıq sayılır. Qurumun təsnifinə görə, həmin göstəricilər, müvafiq olaraq, 20 və 40 qrama çatdıqda belə şəxslər "içki düşkünü" kateqoriyasına aid edilir.
Alkoqoldan istifadənin ən az olduğu üç ölkədən biri Türkiyədir
Araşdırma nəticəsində müəyyənləşdirilib ki, OECD ölkələrində ildə ortalama adambaşına 10 litr saf alkoqol içilir. Daha bir diqqətçəkən rəqəm yetişkin yaşlıların 30 faizinin, ən azı, ayda bir dəfə normadan çox alkoqol qəbul etməsidir. Bütövlükdə OECD ölkələrində əhalinin 3,7 faizinin spirtli içki aludəliyi müəyyənləşdirilib. Bəzi ölkələrdə həmin rəqəm 10 faizədək yüksəlir. OECD ölkələri arasında adambaşına düşən saf alkoqol istehlakına görə ilk üç yeri Latviya, Avstriya və Çexiya tutur. Adambaşına düşən alkoqol istifadəsinin ən az olduğu üç ölkə isə İsrail, Türkiyə və İndoneziyadır. Pandemiya və onun gətirdiyi karantin rejimi də içki istehlakına təsirsiz ötüşməyib. Araşdırma çərçivəsində 11 ölkəni əhatə edən sorğuda müəyyən olunub ki, spirtli içki içənlərin 43 faizi karantin rejimində daha çox spirtli içki qəbul etməyə başlayıb. Sorğuya qatılanların 25 faizi həmin müddətdə daha az spirtli içki içdiyini, 32 faizi isə bu baxımdan dəyişikliyin baş vermədiyini bildirib. Araşdırma nəticəsində spirtli içki istehlakı ilə gəlir səviyyəsi arasında da bağlantı gözə çarpıb. Daha yüksək gəlir qrupuna daxil olan insanların alkoqollu içki istifadəsi də nisbətən yüksəkdir.
Kamran Seyidov