Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 12:26
Ötən gün Belçikanın paytaxtı Brüsseldə baş tutan NATO-nun 30 üzv ölkəsinin liderlərinin sammiti maraqlı məqamları ilə yadda qaldı. Zirvə görüşünün gündəliyinə daxil olan məsələlər demək olar ki, öncədən bəlli idi. Terrorçuluqla mübarizə, kiberhücumlar və kibertəhlükəsizlik, iqlim dəyişikliyi, Çin və Rusiyanın müzakirə olunacağı gözlənilirdi. Gözlənilən kimi də oldu, tarixi NATO zirvəsi bütün dünya ictimaiyyətinin diqqətini çəkdi. Zirvə görüşünün bu qədər diqqət çəkməsinin isə heç şübhəsiz ki, bir yox, bir neçə səbəbi var idi:
1. Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) zirvəsi iki ildən bir toplanır
2. Hərbi-siyasi blokun gələcək illər üçün strategiyasını müəyyən edir
3. Zirvə gərgin beynəlxalq atmosferdə, bütün dünya sisteminin yenidən qurulması məsələsinin aktuallaşdığı vaxta dönəmə təsadüf edir.
4. Bəşəriyyətin təhlükəsizliyinə qarşı yeni çağırışlar, təhdidlər və beynəlxalq hüququn dəyərdən düşməsi, dünyanın super gücləri arasında ziddiyyətlərin daha da artması Zirvə görüşünə marağı artırır.
Müasir dövrün təhlükəsizliklə bağlı təhdidlərinə heç bir ölkə təkbaşına tab gətirə bilməz. Dünən gələcəyin gündəmi olan "NATO 2030" təşəbbüsünü təsdiqləməklə təşkilatın tarixində yeni səhifə açıldı deyə bilərik.
Müasir dünyanı qaynar nöqtələrin çoxaldığı, müttəfiqlərinin ziddiyyətli maraqlarının artması ilə dünyanı parçalanmaq, məhv olmaq təhlükəsində xilas etmək baxımından da bu Zirvə görüşü böyük önəm daşıyırdı.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən ötən ilin 27 sentyabrına kimi xarici siyasətinin prioritet istiqaməti olan Qarabağ məsələsinə hər beynəlxalq platformada çıxışı zamanı aktuallıq qazandırmaq üçün fürsət axtarırdı. Azərbaycan nəhayət bütün beynəlxalq hüququ, konvensiyaları ayaq altına atan Ermənistana qarşı bütün ölkələrə özünümüdafiə hüququ verən BMT-nin nizamnaməsinə əsasında hərəkət edərək 30 illik işğala son qoydu.
Əgər bu vaxta kimi hər NATO sammiti Azərbaycan ictimai rəyində ittifaqın prioritetləri və dünyadakı müharibə ocaqları ilə bağlı vəziyyətin müzakirəsi zamanı Qarabağdakı durumla bağlı hər hansı bir fikir Azərbaycanın gözləntiləri sırasında idisə, artıq Azərbaycan 44 günlük Zəfəri ilə bağlı NATO-nun Zirvə görüşündə veriləcək reaksiyanı maraqlandırırdı. NATO uzun onilliklərdə ilk dəfə olaraq II Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin diqtəsi ilə regionda yeni yaranmış reallığı qəbul etdi. Və eyni zamanda ilk dəfə NATO Cənubi Qafqazdakı vəziyyəti görməməzlikdən gəldi. Bu Zirvə görüşünün yekun sənədində Cənubi Qafqaza istinad yer almadı. Yekun sənəddən bu bəndin çıxarılması ilə NATO bir neçə açıq mesajı vermiş olur.
Bununla da Şimali Atlantika Müqaviləsi Təşkilatı II Qarabağ müharibəsində Azərbaycanın ərazilərini işğalçı qoşunlardan təmizlədiyini, bütövlüyünü bərpa etdiyini və Qarabağ münaqişəsinin bitdiyini qəbul etmiş sayıldı. Mövcud vəziyyət heç şübhəsiz ki, tamamilə Bakının istədiyi bir ssenari idi.
NATO-nun bu davranışı eyni zamanda "danışıqlar prosesinin formatı" ətrafında ritorikanı da geridə qoyduğunu göstərir. NATO-nun sərgilədiyi bu davranış münaqişənin bitdiyini elan edən Azərbaycan Prezidenti İlham Əliyevin məntiqi ilə üst-üstə düşür. Və bu rəsmi Bakının dünya siyasi arenasında qazandığı ən böyük qələbələrdən biri kimi yadda qalacaq. Çünki müasir tarixdə ilk dəfə olaraq bir dövlət təkcə, heç bir beynəlxalq güclərin iştirakı və dəstəyi olmadan, BMT Təhlükəsizlik Şurasının qətnamələrini beynəlxalq ictimaiyyət tərəfindən işğal edilmiş kimi tanınan ərazilərini işğalçılardan təmizlədi.
Təhməz Əsədov