Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məcburi köçkünlər çarəsiz vəziyyətdə qalıblar - VİDEO

Məcburi köçkünlər çarəsiz vəziyyətdə qalıblar - VİDEO

Tarix: 19 Iyun 2021 12:04

1992-93-cü illərdə Laçın, Ağdam və Cəbrayıl rayonlarından Bakıya gələrək, 30 ilə yaxın Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən keçmiş "Bakıqazmaş"ın yataqxanasında məskunlaşan məcburi köçkünlər hazırda çıxılmaz vəziyyətdə qalıblar. İllər öncə öz vəsaitləri hesabına mənzil aldıqları yataqxana binası qəzalı vəziyyətdə olduğu üçün 2019-cu ildə sökülüb. "Qaçqınkom" bu insanları müvəqqəti olaraq kirayə evlərə yerləşdirib və başqa bir ərazidə evlə təmin edəcəyinə vəd verib. Hazırda isə vəziyyət bir qədər fərqlidir. Məcburi köçkünlərin sözlərinə görə, son 2 aydır komitə onlara kirayə pulunu ödəmir, həmçinin mənzillə də təmin etmir. 

Laçın, Ağdam və Cəbrayıl rayonlarından məcburi köçkün düşmüş bu insanların şikayəti "Qaçqınkom"la bağlıdır. Deyirlər ki, 1992-93-cü ildən Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən keçmiş "Bakıqazmaş"ın yataqxanasında məskunlaşmışdılar. Öz vəsaitləri hesabına mənzil aldıqları bu bina qəzalı vəziyyətdə olduğundan 2019-cu ildə sökülməsinə qərar verilib. Həmin vaxt burada yaşayan məcburi köçkün ailələrini "Qaçqınkom" öz himayəsinə götürüb. 

O gündən kirayə yaşamaq məcburiyyətində qalan bu insanlara "Qaçqınkom" 1 il 6 ay ərzində ayda 300 manat kirayə pulu ödəyib. Lakin son 2 aydır ki, məcburi köçkünlər bu pula da həsrət qalıblar. Nə vəd edilən mənzillərdən xəbər var, nə də kirayə pulundan. 

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev deyib ki, vətəndaşlara bundan sonra kirayə pulu ödənməyəcək. Çünki komitədə hazırda bu vəsait yoxdur. O ki qaldı, məcburi köçkünlərin evlə təmin olunması məsələsinə, komitə tərəfindən onlara müxtəlif ərazilərdə evlər təklif olunub və bu təkliflər hələ də qüvvədədir. 

İbrahim Mirzəyev bildirdi ki, ailələr sözügedən ünvanlara köçmək istəyirlərsə, komitənin Xəzər rayonunda yerləşən nümayəndəliyinə yaxınlaşa bilərlər. Qurum rəsmisi onu da bildirdi ki, artıq Bakı, eləcə də digər şəhər və rayonlarda məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək.


Etiketlər:  Məcburi köçkünlər çarəsiz vəziyyətdə qalıblar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ