Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2021 21:18
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və BMT-nin Sivilizasıyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında görüş baş tutub.
XİN-dən Sonxeber.net-a verilən məlumata görə, ali nümayəndəni səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuz bildirilib.
Ali nümayəndənin bölgəyə son səfərindən sonra bir çox dəyişikliyin baş verdiyini nəzərə alaraq, Nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması, ərazilərin tarixi-mədəni, dini irsinin yerlə yeksan edilməsi, gündəlik əsasda insan həyatına təhlükə yaradan mina məsələsi, habelə ərazilərin yenidən qurulması üçün görülən işlər barədə danışıb.
İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması şansının yarandığı, bunun əsasında isə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin durduğu qeyd edilib.
Migel Angel Moratinos BMT Baş katibinin əsas siyasi-təhlükəsizlik aləti qismində çıxış edən Alyansın fəaliyyət istiqamətləri barədə məlumat verib. O, Azərbaycanın Alyansa verdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Alyansın Azərbaycan ilə pandemiya sonrası əməkdaşlıq planlarının geniş olduğu diqqətə çatdırılb.
Görüşdə həmçinin qaqşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.