Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ölüm qrupu”ndan çıxıb 1/8-də uduzanlar

“Ölüm qrupu”ndan çıxıb 1/8-də uduzanlar

Tarix: 30 Iyun 2021 17:08

Avro-2020-nin 1/8 final mərhələsi bir çox nəhəng yığmalar üçün son oldu.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Almaniya, Fransa, Portuqaliya, Xorvatiya, Niderland kimi favoritlər bu mərhələdə dayandı. 

Maraqlıdır ki, son 8 komanda arasına düşə bilməyən millilərdən 3-ü qrup mərhələsində eyni qrupda yer almışdı. 

Almaniya, Fransa, Portuqaliya növbəti mərhələyə adlamaq üçün bir-birləri ilə gərgin mübarizə aparmışdı. Hələ püşkatma zamanı "ölüm qrupu" adlandırılan qrupdan çıxan hər 3 nəhəng milli 1/8 finalda uduzdular. Əslində isə bu qrupun komandalarının ən azı yarımfinala qədər gedəcəyi gözlənilirdi. Xüsusilə Fransa və Portuqaliya əsas favoritlər arasında yer alırdı. 

Kilyan Mbappe və Kriştianu Ronaldonun oynadığı hər iki kollektiv qitə birinciliyini cəmi 4 oyunla başa vurdu. 

Maraqlıdır ki, turniri tərk edən 4 komandadan 2-si son dünya çempionatının finalçısıdır. Xorvatiya və Fransa 2018-ci ildə Rusiyada baş tutan mundialda həlledici qarşılaşmaya qədər irəliləyə bilmişdilər. Fransızlar bu görüşdə Xorvatiyanı 4:2 hesablı məğlubiyyətə uğradaraq kuboku başları üzərinə qaldırmışdılar. 

Fransızlar həmçinin son Avropa çempionatının da final qarşılaşmasında meydana çıxmışdı. Onların rəqibi isə son Avropa çempionu, fransızlarla birlikdə turnirdən ayrılan Portuqaliya yığması olmuşdu. 

Xorvatiyanın heyətinin zəif olması əvvəlcədən diqqətləri cəlb etsə də, digər komandalardan daha uğurlu nəticə gözlənilirdi. 

Niderland millisi gənc qrup mərhələsindəki inamlı oyunu ilə adından söz etdirsə də, 1/8 finalda son anda qrupdan çıxan Çexiyaya uduzdu. "Zambaqlar"ın çexlərə 0:2 hesablı məğlubiyyəti həm də Bakıdakı futbol fanatlarını üzdü. Çünki Frank De Burun komandası qalib gələcəyi halda Bakı Olimpiya Stadionunda meydana çıxacaqdı. Ölkəmizdə xeyli Niderland millisini dəstəkləyənlərin olduğunu nəzərə alsaq, Çexiyanın qalibiyyəti sürpriz alındı. 

Almaniya millisinin isə o qədər uğurlu olmayacağı proqnozlaşdırılsa da, mübarizəyə belə erkən vida etməsi də gözlənilməz oldu. Yoahim Lövün bundestimin başında son matçları olsa da, komandadan ən azı 1/4 final mərhələsinə çıxacağı gözlənilirdi. Lakin çətin İngiltərə millisi ilə matçda almanlar özlərini yaxşı tərəfdən göstərə bilmədi. 

Bununla da ilk dəfə fərqli sistemlə keçirilən AÇ-də son 8 komanda arasında bir çox sürpriz millillər yer aldı. 

Milli.Az


Etiketlər:  Ölüm qrupundan çıxıb 18 uduzanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ