Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 19:08
Qırğızıstanın eks-prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev "Kumtor" qızıl yatağının işlənməsi ilə bağlı başlanmış cinayət işi üzrə korrupsiya əməlində təqsirli bilinərək axtarışa verilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Qamçıbəy Taşiyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qurumlararası istintaq qrupu tərəfindən "Kumtor" yatağının işlənməsində ayrı-ayrı vaxtlarda yol verilmiş korrupsiya faktlarına dair istintaq aparılır.
Q. Taşıyev bildirib ki, aparılan istintaqla Ə. Akayev və K. Bakiyevin iş üzrə həm korrupsiya əməllərində, həm də vəzifədən sui-istifadədə təqsirli bilindikləri müəyyən olunub və məsuliyyət cəlb olunmaları üçün onların barəsində axtarış elan edilib.
"Həmçinin istintaq tərifindən eks-prezidentlər Almazbek Atambayev və Sooronbay Jeenbekovun yatağı işlədən Kanada şirkəti ilə respublika üçün əlverişsiz müqavilələr bağlanmasında günahlarının olub-olmadığı məsələsi araşdırılır. Təqsirləri təsdiqini taparsa, onlar da məsuliyyətə cəlb olunacaqlar", - deyə Q. Taşıyev vurğulayıb.
Qeyd edək ki, Kanadanın "Centerra Gold Inc." şirkəti 700 tona yaxın ehtiyatı olan "Kumtor" qızıl yatağını 30 ilə yaxındır işlədir.
Qırğızıstan ekoloji normaların pozulması və mədənin işlənməsi zamanı vergilərdən yayınmaya görə şirkətə qarşı 4,2 milyard dollarlıq maliyyə iddiası irəli sürüb.